Türkiyənin tanınmış və sevilən fotoqrafı Hülya Akkayanın Bakıda “Simulyasiya” adlı fərdi fotosərgisi keçirilib. Sərgi Azərbaycan Fotoqrafları Birliyinin (AFB) təşkilatçılığı və “NUR Art House” qalereyasının dəstəyi ilə baş tutub. Açılış mərasimində çıxış edən Hülya Akkaya bilidirib ki, qardaş Azərbaycanda özünü qonaq yox, öz evindəki kimi hiss edir. Sərgiyə gəldikdə isə burada 28 foto nümayiş etdirilir. Simulyasiya real aləmdəki proseslərin imitasiyasıdır. Ona görə də sərgidəki fotoların hər birində 2 güzgü görmək mümkündür ki, bu da dövrlərə səyahəti bildirir. Dövranın başlanğıcı olan qadınların rəsmləri də fikri daha aydın çatdırmağa imkan verir. AFB-nin sədri Rauf Umudov isə bu cür sərgilərin gənc fotoqrafların formalaşmasında önəmli rol oynadığını vurğulayıb və Hülya Akkayaya rəhbərlik etdiyi qurumun adından Təşəkkürnamə təqdim edib. AFB-nin İdarə Heyətinin üzvü Aydın Mehdiyev və sənətşünas Gülşən Hüseynova da bu cür əməkdaşlığın davam etdirilməsinin və Azərbaycan fotoqraflarının sərgilərinin qardaş Türkiyədə keçirilməsinin vacib olduğunu diqqətə çatdırıblar. Çıxışlardan sonra iştirakçılar sərgiyə baxış keçiriblər.

Leave a Reply