Bakı Gənclər Mərkəzində Gilavar Foto Klubunun yaranmasının 5 illiyi münasibəti ilə “Foto Kadr 2022” adlı təqdimat və mükafatlandırma mərasimi keçirilib. Tədbirdə rəsmi şəxslər, mətbuat katibləri, fotoqraflar və KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Gilavar Foto Klubu ictimai birliyinin təsisçisi və İdarə Heyətinin sədr müavini Dilavər Nəcəfov klubun yaradılması və məqsədləri barədə məlumat verib. Bildirilib ki, ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq və imkanlarından istifadə etmək, onların bu sahəyə maraq göstərmələrinə, beynəlxalq foto müsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsi ilə tanıtmaq klubun qarşıya qoyduğu məqsədlərdəndir. Öz növbəsində tədbirin baş tutmasında Gənclər və İdman Nazirliyinə, Bakı Gənclər Mərkəzinə, Azərbaycan İdman Könüllülərinə, Canon şirkətinin Azərbaycan üzrə nümayəndəliyinə və Moon Group poliqrafiya şirkətinə, informasiya dəstəyi üçün Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) və KİV nümayəndlərinə təşəkkürlərini çatdırıb.
Klubun İdarə Heyətinin sədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyev hesabat xarakterli məruzə ilə çıxış edib. Qeyd edilib ki, foto klub tərəfindən 5 il ərzində bir çox işlər görülüb və layihələr həyata keçirilib. Bu müddət ərzində klub tərəfindən Beynəlxalq Foto Sənəti Federasiyasının, Amerika Fotoqrafiya Cəmiyyətinin, Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyasının xüsusi icazələri ilə 11 beynəlxalq foto müsabiqə həyata keçirilib. Bundan əlavə 4 yerli foto müsabiqə təşkil olunub. Klub tərəfindən təşkil edilən beynəlxalq foto müsabiqələrə dünyanın 80-ə yaxın ölkəsindən ümumilikdə 4000-dən artıq fotoqraf qatılıb. Bundan əlavə klub tərəfindən ilk dəfə olaraq fotojurnalistika sahəsi üzrə “Azərbaycan Press Foto” – “İlin Press Fotosu” adlı müsabiqəyə start verib.
Bildirilib ki, Gilavar Foto Klubunun üzvləri, eləcə də digər azərbaycanlı fotoqraflar mütəmadi olaraq beynəlxalq foto müsabiqələrdə də iştirak edərək mükafatlar qazanırlar. Ümumilikdə isə 2016-2022-ci illər ərzində yalnız Beynəlxalq Foto Sənəti Federasiyasının himayəçiliyi ilə keçirilən foto müsabiqələrdə azərbaycanlı fotoqraflar tərəfindən 446 mükafat əldə olunub. Onlardan 58 qızıl, 35 gümüş, 29 bürünc medal, 219 fəxri lent və 105 diplom və sertifikatlardır.
Diqqətə çatdırılıb ki, Azərbaycanlı fotoqraflar təkcə fərdi şəkildə deyil, eyni zamanda klub şəklində də beynəlxalq foto aləmdə təmsil olunurlar.
Qonaqların nəzərinə çatdırılıb ki, Gilavar Foto Klubu 2017-ci ildən Beynəlxalq Foto Sənəti Federasiyasının üzvü və 2020-ci ildən isə bu təşkilatın Azərbaycan üzrə təmsilçisidir. Adıçəkilən foto təşkilat dünyada UNESKO tərəfindən tanınmış yeganə fotoqrafiya təşkilatıdır. Bu qurumun üzvlüyünə qəbul edilmiş klublar xüsusi statusa, fotoqraflar isə ömürlük fəxri adlara layiq görülür. Azərbaycandan 8 fotoqraf Beynəlxalq Foto Sənəti Federasiyasının fəxri adlarına layiq görülüb.
Eyni zamanda klub tərəfindən həyata keçirilən layihələr barədə də məlumat verilib. Qeyd olunub ki, klub tərəfindən 6 layihə həyata keçirilib. Onlardan ikisi dünyanı cənginə alan pandemiya dönəmində əzmlə çalışan KİV nümayəndələrinin şəxsi fotolarından və pandemiya zamanı azərbaycanlı fotoqraflar tərəfindən çəkilmiş fotolardan ibarət “Koronavirus” və “Koronavirus 2” adlı virtual sərgilər olub. “Müharibənin acısını çəkənlər” və “44 günün mediası rəqəmlərdə” adlı layihələr Vətən müharibəsi zamanı çətinlikləri və həyatı üçün təhlükə riskini göz önünə alaraq peşə fəaliyyətini davam etdirən, həmçinin qələmini, kamerasını silaha dəyişərək döyüşlərdə iştirak edən media nümayənlərinə həsr olunub. Mədəniyyət Nazirliyinin “Mədəniyyət/Culture” jurnalı ilə birgə “Həmkarlarımız” adlı müsahibə rubrikası hazırlanıb və jurnalın 6 nömrəsində fotoqraflarla bağlı məlumatlar yer alıb. Daha bir layihə isə “Fotoqrafın doğum günü” adlanır. Doğum günü olan fotoqrafların haqqında posterlər hazırlanır və klubun sosial şəbəkədəki hesablarında paylaşılır.
Sonra beynəlxalq yarışlarda fərqlənən azərbaycanlı fotoqrafların mükafatlandırılması mərasimi keçirilib. Müsabiqənin ən yaxşılarına medallar, xüsusi lentlər və diplomlar təqdim olunub. Azərbaycan foto sənətinə göstərdiyi dəstəyinə görə bir sıra təşkilatlar Gilavar Foto Klubu tərəfindən plaketlərlə təltif ediliblər.
Tədbir çərçivəsində beynəlxalq foto müsabiqələrdə mükafat qazanan fotolardan ibarət sərgi keçirilib.

Leave a Reply