Bakı küçələrini heç vaxt bu qədər boş görməmişdim. Boşluq insanın ürəyini sıxsa da, mən hər bir şeydə “müsbəti” görməyə çalışan insanam. Maşınlar azdır, küçələri zibilləyən insanlar demək olar ki, yoxdur. Şəhər təmizdir və bu məni o qədər xoşbəxt edir ki, qəlbimin dərinliklərində hazırki vəziyyətdən razı düşəcəyim bir hiss yaranır.
İnsanları bu virus sayəsində öz beton çərçivələrinə sıxmağı bacaran təbiət, bu qısa vaxtda dərin bir nəfəs ala bildi. Hava təmizlənib, boş küçələrdə isə heyvanlar sanki bayram edir. Təbiəti çox sevirəm və məsələyə o tərəfdən baxıram. Məni yanlış anlamayın, amma vəziyyəti bu həddə çatdıran elə bizlərik.
Ən maraqlısı isə bütün bunlar qurtardıqdan sonra hər şeyin necə olacağıdır. İnsan övladı dərsini alacaq, yoxsa məhv etməyə yenə davam edəcəkmi? Yaşamaq üçün bizə ən çox lazım olan şey təbiət və onun bəxş etdikləridir. Biz onları dağıtdıqca o səbr edir, lazım gəldikdə müxtəlif yollarla xəbərdarlıq edir, zəlzələlər, tsunamilər, vulkanlar və s. İnsan isə heçnəyə məhəl qoymadan təkəbbürlü əməllərinə davam edir. Bir dəfə olsun düşünmür ki, bəlkə bu sonuncu xəbərdarlıqdır?
Təbiətin bizi məhv etməyəcəyini düşünməyin, o nəyi necə edəcəyini çox yaxşı bilir. Axı biz onun məhsuluyuq. Fotoqraf İlkin Səlifov.

Leave a Reply