Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) əməkdaşı, Azərbaycan Fotoqrafları Birliyinin üzvü  Arzu Mürvətovanın “Balaca arxeoloqlar” adlı fotosu Makedoniyada keçirilən “Arxeologiya davam edir” III beynəlxalq fotomüsabiqəsində yer alıb.

ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, müsabiqədə seçilən ən yaxşı fotolarla bərabər, müəllifin orta əsr Ağsu şəhər arxeoloji turizm kompleksində çəkdiyi foto da təşkilatçılar tərəfindən hazırlanan online kataloqa salınaraq ictimaiyyətə təqdim olunub.

Müsabiqəyə arxeoloqlar, tələbələr və digər ölkələrin fotoqrafları tərəfindən 90 foto təqdim olunub. Ən yaxşı 30 foto professional münsiflər heyəti tərəfindən Skopye Arxeologiya Tədqiqatları İnstitutunun rəsmi səhifəsində səsvermə yolu ilə seçilib.

Skopye Arxeologiya Tədqiqatları İnstitutunun təşkilatçılığı və Makedoniyanın Milli Arxeologiya Muzeyinin dəstəyi ilə keçirilən sərginin məqsədi dünyada mövcud olan arxeoloji əraziləri tanıtmaqdır.

Leave a Reply