FOTO FEST 2017

Çox hörmətli dostum və ustadım Mirnaib müəllimdən zəng gəldi… – səni Çelyabinsk şəhərinə ezam etmək istəyirik. Sən həm ekoloqsan, həm də fotoqraf…- dedi.

Çox sevindim! Rusiyada Ekologiya İlində “FotoFest-2017” də iştirak etmək, Azərbaycanı həm ekoloq kimi, həm də AFB-nin üzvü kimi təmsil edəcəyimi düşünmək belə qürurvericiydi!

5 ildən artıqdır ki, AFB-nin üzvüyəm. Təbiətsiz və fotoqrafiyasız bir günümü belə təsəvvür etmək mümkün deyil…

Nəhayət 22 sentyabr Çelyabinsk Tarix Muzey Kompleksində 8-ci Beynəlxalq fotoqrafiya fetivalı “FotoFest-2017”-nin açılışında idim. Dəvət olunanlar və sərgiyə gələnlər arasında çox məhşur fotoqraflar vardı. Onların əhatəsində və göz-gözə olmaq inanılmaz həyəcan verirdi.

“FotoFest”in təşkilatçısı, Rusiya fotorəssamlar ittifaqının regional şöbəsinin sədri və Cənubi Ural tarix mədəniyyət muzeyinin direktoru cənab Vladimir Boqdanovskiy ilk söz ilə açılış edərək, təşkilat komitəsinin üzvləri adından festival iştirakçılarını və dəvətli qonaqları salamladı. Dünyaca məhşur fotoqraf, sənətşunas, publisist, bədii fotoqrafiyanın əfsanəvi isimlərindən olan və Çexiyanın “Revue Fotografie” fotojurnalının ötən əsrin 70-ci illərində esk-redaktoru olmuş Daniela Mrazkova və titullarını saymaqla bitməz rus korifey fotoqrafları Sergey Vasilyev və Yevgeniy Tkaçenko kimi əfsanələrnən birgə festivalın açılışında söz sahibi olmaq, şərəfli və eyni zamanda böyük cavabdehlik idi. O cümlədən, festivalın fəxri qonağı kimi, təşkil edilən bütün sərgilərdə münsiflər heyətində təmsil olunurdum. Sərgilərdəki əsərlər valehedici, düşündürən və dərin mənalı idilər. Ekoloji mövzuda çox problemləri əks edən tablolar ilə yanaşı, əsrarəngiz təbiət guşələrinin əsl salnaməsi sərgilənmişdir. Fotolar danışırdı, emosiyalar aşıb daşırdı. Festivalın təşkilat komitəsi, onlara təqdim olunmuş minlərlə fotolardan seçərək, ən yüksək professionallıq nümunələrini və biri birindən dərin mövzuları sərgiləmişdilər. “Cənubi Uralın Ekologiyası”, “İnsan və Təbiət”, “Toxunulmamış Rusiya”, “Revue Fotografie” – Fotorevyu D.Mrazkova, «Viva L”Italia» İtaliya kinosu Antonio Frontoninin obyektivində”, “Başqırdıstan dostların gözü ilə”, “Kommersant” nəşriyyatının “Müharibə və Sülh” adlı fotoekspozisiyalarda Rusiyanın müxtəlif regionlarından, o cümlədən Moskva, St. Peterburq, Kazan və s. şəhərlərində, eləcədə, Avropadan və Azərbaycandan çoxsayda fotoqrafların əsərləri sərgilənirdi. Çelyabinsk şəhərinin mərkəzi küçəsi “Kirovka”da tərtib edilən, “Açıq Şəhər” sərgisində isə Ekoloji sərbəst mövzularda yerli fotoqrafların əsərləri nümayiş etdirilirdi.

Fotofest təşkil edilən günlər ərzində sərgilərdən başqa, dəvət olunmuş çox sayda tanınmış fotoqrafların sənətini və fəaliyyətlərini nümayiş etdirən təqdimatları üçün şərait yaradılmışdır. O cümlədən, mənə təqdimat üçün ayrılan 2 saat ərzində “Azərbaycanın Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri və biomüxtəliflik”, eləcə də, “Vəhşi təbiətdə fotoqraf kimi çalışmaq üçün zəruri biliklər” mövzularında prezentasiyalar təqdim etdim və iştirakçıları maraqlandıran sualları cavablandırdım. Təqdimatımnan sonra əhatəmdə olan professional və gənc fotoqrafların Azərbaycana və onn təbiətinə olan maraqlarının artdığının şahidi oldum. Bütün qalan günlər ərzində suallar, müraciətlər bitmək bilmirdi.

FotoFestdə tanış olduğum İqor Loqunov, Eduard Kutıqin, Pavel Kassin, Notalia Volvaç, Marina Makovetskaya, Mixail Traxtenberq, Aleksandr Qlebov, Sergey Qiviryak, Vladimir Melnikov, Sergey Moskvin, Anatoli Doneyko, Aleksandr Teplyakov, Valeri Lisenkovə s. kimi professional fotoqrafların adlarını, eləcə də, naturalist və bloqqer  Pavel Qlazkovu xüsusilə qeyd etmək istəyirəm.

4 dəfə “Gızıl Göz” mükafatına layiq görülmüş, saysız-hesabsız mükafatların və titulların sahibi, rus fotoqrafiyasının canlı korufeyi Sergey Vasilyevin “Grand Foto” ev muzeyinə qonaq olmağımı xüsusilə qeyd etmək istərdim. Böyük bir arxivə malik yenicə təşkil edilmiş muzeydə S.Vasilyevin həyatını əks etdirən və professional fəaliyyətinə dair saysız hesabsız eksponatlar vardı. Sergey Vasilyevin və Daniela Mrazkovanın biri birindən maraqlı söhbətlərinə isə, doymaq mümkün deyildi…

Çelyabinskdə olduğum müddətdə şəhərin demək olar ki, bütün muzeylərini gəzdim. Hətta Moskvanın Tretyakovskiy Qallereyasından gətirilərək sərgilənən dünyanın nadir sənət nümunələri qalereyasınada getməyi özümə borc bildim. Təsadüfən rast gəldiyim anşlaq isə məni daha çox sevindirdi. Çelyabinsk şəhər M.İ.Qlinka adına opera və balet teatrında cəmi iki günlük qastrolda olan “Paxita” baletinin premyerasına isə getməməm mümkün deyildi. Havaların yağmurlu və soyuq olmasına baxmayaraq, Cənubi Uralın cazibədar təbiətinə təbii ki biganə qala bilməzdim.

Ekoloji foto festivalın yekun tədbiri möhtəşəm təşkil olunmuşdur. Sonda, “FotoFest-2017” fəxri qonaqlarına hədiyyələr və sərgilərin qaliblərinə mükafatlar təqdim etdi.

cənab Vladimir Boqdanovskiyə, Nataliya Volvaç, İqor Loqunova, Aleksandr Qlebova, Dina Samadova, Valentina və Anastasiyaya  xüsusi təşəkkürlərlə…

A.Muradov

Leave a Reply