“Konflikt Jurnalistikası Məktəbi” builki təlimləri uğurla başa vuran məzunlarını diplom və sertifikatlarla təltif edib. Mətbuat Şurasında keçirilən təqdimat mərasimində çıxış edənlər bildiriblər ki,“Dinc Dünya” Araşdırma Mərkəzinin “Konflikt Jurnalistikası Məktəbi”ni (KJM) 2003-cü ildə Əlisafa Mehdiyev yaradıb. Layihə 2015-ci ildən Müdafiə Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycan Ordusunun bazasında reallaşdırılır. Sayca altıncı dəfə keçirilən builki təlimdə Azərbaycan Fotoqrafları Birliyinin Təftiş Komisiyasının sədri Fərqanə Qasımlı da təlimalan qismində iştirak edib. Aprel ayından start götürən “Jurnalistlərin konfliktlərdə və risklərdə davranma təlimləri” Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzində, eləcə də hərbi hissələrin poliqonlarında keçirilib. Təlimlərin keçirilməsinə ordunun peşəkar zabitləri cəlb edilib. İştirakçılara auditoriya təlimlərində qoşun növləri, nizamnamələr, topoqrafiya, hüquq, mülki- müdafiə və digər mövzularda mühazirələr deyilib. Ardınca isə təlimalanlar hərbi hissələrin təlim mərkəzlərində 10 gün müddətində ekstremal şəraitlərdə, dağlıq-meşəlik ərazilərdə, minalı sahələrdə hərəkət, snayperdən yayınmaq, hərbi texnikalarla davranış, ilkin tibbi yardımın göstərilməsi, cəhətlərin təyini, əsir düşmək və kritik vəziyyətlərdə təkbaşına həyatda qalmaq kimi situasiyaları praktiki şəkildə yaşayıblar. Bu təlimlərdə fərqlənən 5 nəfər Hərbi Hissənin komandiri tərəfindən Fəxri Fərmanla təltif edilib. Onların arasında Fərqanə Qasımlı da var. Təlimlərin sonunda jurnalistlər imtahan veriblər. Yüksək nəticə göstərən 10 nəfər diplom, digər iştirakçılar isə sertifikata layiq görülüb. Fotojurnalist Fərqanə Qasımlı da yüksək nəticə göstərdiyinə görə diplomla təltif edilib.

Leave a Reply