“Ailəm” layihəsi çərçivəsində “Həyatdan şəkilə” adlı onlayn fotomüsabiqənin ƏSASNAMƏSİ

Ümumi müddəalar:

Bu əsasnamə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (bundan sonra Təşkilat Komitəsi) tərəfindən keçiriləcək “Həyatdan şəkilə” adlı onlayn fotomüsabiqənin (bundan sonra müsabiqə) keçirilməsi şərtlərini, qaliblərin seçilməsi və mükafatlandırılması qaydalarını müəyyən edir.

Müsabiqənin məqsədi:Ailə institutunun möhkəmləndirilməsi, müsbət ailə dəyərlərinin təbliği məqsədilə fotoşəkillərdən ibarət foto arxivin yaradılması və cəmiyyət üzvlərinə təqdim edilməsi

Müsabiqənin mövzusu

Milli-mənəvi dəyərlər, ailə dəyərləri, adət-ənənələr, vətənpərvərlik, sağlam ailə münasibətləri, ailə mədəniyyəti, ailə üzvləri arasında ünsiyyət, ailələrin asudə vaxtının birgə və səmərəli keçirilməsi

Müsabiqənin iştirakçıları

Müsabiqədə iştirakla bağlı məhdudiyyət yoxdur.

Müsabiqədə iştirak qaydası və tələblər

Müsabiqədə iştirak etmək üçün iştirakçılar aşağıda qeyd olunan məlumatları və fotoşəkilləri elektron formada 27 fevral – 1 aprel 2024-cü il tarixlərində heyatdan.shekile@gmail.com elektron poçt ünvanına göndərməlidirlər.

  • Doldurulmuş anket (iştirakçının şəxsi məlumatlarından və fotoşəklindən ibarət);
  • Şəxsiyyəti təsdiq edən sənədin skan olunmuş surəti;
  • Son 2 il ərzində çəkilmiş, qeyd olunan mövzuların əks olunduğu, 1-5 sayda, rəngli və ya ağ/qara fotoşəkillər (JPG formatında, 300dpi, 1200×1500 pikseldən aşağı olmayan).

Qeyd: Fotoşəkillərdə yalnız müəllifin özü və yaxud ailə üzvləri əks olunmalı, üzərində heç bir ad, simvol, loqo istifadə edilməməli, kompüter (proqramlar və s.) və digər texnologiya vasitələri ilə hazırlanmamalıdır.
Təqdim olunan işlər tələblərə cavab verməyəcəyi halda Təşkilat Komitəsi tərəfindən müsabiqəyə qəbul edilməyəcəkdir.
Təqdim olunan işlər müsabiqədən sonra təbliğat məqsədi ilə Təşkilat Komitəsi tərəfindən istifadə edilə bilər (müəllifə ödəniş edilmədən).

Qiymətləndirmə forması

Müsabiqəyə təqdim olunan fotoşəkillərin qəbulu dayandırıldıqdan sonra Dövlət Komitəsinin “facebook” sosial şəbəkə səhifəsində #həyatdanşəkilə etiketi ilə (heştəq) yerləşdiriləcək. Müəyyən olunan müddət ərzində (10 gün) izləyicilər tərəfindən ən çox bəyənilən (bəyənilmə sayına görə) 3 fotoşəkil 1-ci, 2-ci və 3-cü yer üzrə qalib seçiləcək. Ən çox bəyənilən fotoşəkillərdən bir neçəsinin bəyənilmə sayı eyni olarsa həmin fotolar yenidən səs verməyə çıxarılacaq.

Müsabiqənin yekunu və mükafatlandırma qaydaları

Qaliblərin müəyyənləşdirilməsi və elan edilməsi 2024-cü ilin 15 may tarixinə qədər Dövlət Komitəsinin sosial media platformaları vasitəsi ilə həyata keçiriləcək.
Bütün iştirakçılara onlayn formada iştirakçı sertifikatı təqdim ediləcək.
Qaliblərə diplom və hədiyyələr 15 may “Beynəlxalq Ailə Günü”nə həsr edilmiş “Ailə Festivalı”nda təqdim ediləcək.
İştirakçıların təqdim etdiyi fotoşəkillərdən ibarət kataloq çap ediləcək.

Mükafatlar

1-ci yerin qalibi üçün – Notebook (çanta+mouse daxil) (512 GB SSD);
2-ci yerin qalibi üçün – Planşet 128 gb;
3-cü yerin qalibi üçün – Həvəskar fotoaparat.

Əlavə məlumat üçün Təşkilat Komitəsi ilə əlaqə saxlamaq mümkündür.

Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 80, Hökumət Evi, 4-cü qapı,
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

Əlaqə telefonları: (012) 493-79-62, (051) 230 45 78

Leave a Reply