Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) mayın 6-da media nümayəndələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş atıcılıq turniri keçirib. Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Atıcılıq Tirində keçirilən turnirdə hər biri 3 nəfərdən ibarət olan 19 mətbuat komandası qatılıb.
Azərbaycan Fotoqrafları Birliyi tərəfindən illik tədbirlər planı çərçivəsində bu turnirə 2 komanda ilə qatılmışdır. AFB komandaların tərkibində idarə heyətinin üzvləri; Aydın Mehdiyev, Ayxan Əhmədov, Vüqar İdabov və birliyin digər üzvləri; Kamandar Məmmədov, Rəhim Rəhimov, Mahir Əhmədov var idi.
İştirakçılar əvvəlcə Fəxri xiyabanı ziyarət edərək Ulu Öndərin məzarı önünə gül dəstələri qoyub, xatirəsini hörmət və ehtiramla yad ediblər.
Tədbirə Azərbaycan Respublikası Dövlət Himninin ifası ilə başlanılıb.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Turniri giriş sözü ilə açan SHXÇDX rəisinin müavini, general-leytenant Zaur Abdullayev iştirakçıları salamlayaraq turnir haqqında məlumat verib. Müasir Azərbaycan tarixinin böyük bir hissəsinin, müstəqilliyimizin qorunub saxlanılmasının məhz Ulu Öndərin adı ilə bağlı olduğunu diqqətə çatdıran Z.Abdullayev Azərbaycanı parçalanma və məhv olma təhlükəsindən xilas edən Heydər Əliyev şəxsiyyətinin böyüklüyünün ölkəmizin dostları ilə yanaşı düşmənləri tərəfindən də etiraf olunduğunu bildirib. Qeyd edib ki, Ümummilli Liderin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə bütün sahələri əhatə edən genişmiqyaslı inkişaf prosesinin əsası qoyuldu, müstəqilliyin qorunub saxlanılmasının təmin edilməsi istiqamətində milli konsepsiya formalaşdırıldı. Ulu Öndərin dövlətçilik strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin onu daha da inkişaf etdirərək ölkəmizə regionun lider dövləti statusu qazandırdığı vurğulanıb. Bildirib ki, peşəkar siyasətçi kimi medianın rolunu dəqiq anlayan və mətbuatın əhəmiyyətini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev bütün fəaliyyəti ərzində jurnalistlərin dostu kimi tanınırdı.
Z.Abdullayev SHXÇDX-nin mətbuat orqanları ilə mütəmadi olaraq əməkdaşlıq etdiyini, ötən müddət ərzində bir neçə uğurlu layihənin həyata keçirildiyini nəzərə çatdırıb, çıxışının sonunda Ümummilli Liderin xatirəsinə həsr edilmiş turniri açıq elan edib, iştirakçılara xoş əhval-ruhiyyə və uğurlar arzulayıb.
Media təmsilçiləri təhlükəsizlik qaydaları barədə təlimatlandırıldıqdan sonra yarışa start verilib.
Turnirdə iştirak edən komandalar 2 mərhələdə mübarizə aparıblar. Birinci mərhələdə ən yaxşı nəticəni göstərən 5 komanda ikinci mərhələdə ilk üçlüyü müəyyənləşdirib. İki mərhələnin yekununda I yeri APA TV, II yeri Azərbaycan Fotoqraflar Birliyi, III yeri Report İnformasiya Agentliyinin əməkdaşlarından ibarət komandalar tutublar.
Qaliblərə kubok, medal, diplom və mükafatlar təqdim edilib.

Leave a Reply