“Xaraktercə pozitiv insan olmağım, fotolarımda xoşbəxtliyi, xeyirxahlığı və digər müsbət xüsusiyyətləri əks etdirməyimə yardım göstərir”

İnformasiya aləminin bugünkü qaynar çağında məlumatı daha dolğun çatdıran, insanlara emosional təsir edən və bununla yanaşı yaradıcılıq nümunəsi kimi diqqət çəkən, estetik zövq formalaşdıran sənətlərdən biri də fotoqrafiyadır. Bu sənəti yaşadan, onu sevdirən, obyektiv arxasından həyatı müxtəlif rənglərdə çəkərək təqdim edən şəxslər – yəni fotoqraflar, təmsil etdikləri sahənin inkişafı üçün əllərindən gələni əsirgəmirlər.

“İslamınSesi”nin “Kadrdan Kənar” foto layihəsi davam edir. Bu dəfə isə kadrdan kənar düşüncələrini oxucularımızla, Cənubi Qafqazın ilk hərbi aviasiya fotoqrafı Vüqar İbadov bölüşəcək.

Vüqar İbadov haqda qısa tanıtım: 1978-ci ildə dünyaya göz açıb. 1999-cu ildən əlinə dostunun kamerasını götürən Vüqar İbadov bu sahə ilə maraqlanmağa başlayıb. Daha sonra isə özünün təbilincə desək maaşını müxtəlif foto kameralar və plyonkalar almağa xərcləyib.  1999-cu ildən AFB (Azərbaycan Fotoqraflar Birliyi) ilə əlaqələri yaranıb. Müsahibim  bu sənətə ilk addımlarını atarkən, heç vaxt hansısa  pilləni fəth edəcəyini düşünməyib. Sadəcə başını aşağı salaraq öz işi ilə məşğul olub. Lakin Vüqar İbadov keyfiyyətli iş təqdim etdiyi üçün, hal-hazıra arzuladığı zirvədə olduğunu deyir .

– “Mən hər zaman fotolarımın gözəlliyi, xoşbəxtliyi, məhəbbəti və xeyirxahlığı əks etdirməsini arzulamışam”.  Bu fikirlərin müəllifi olan Vüqar İbadov çəkdiyi fotolarda sadaladığı xüsusiyyətləri əks etdirə bilib?
– Bəli, çəkdiyim fotolarda bu xüsusiyyətlər əks olunub. Xaraktercə pozitiv insan olmağım, fotolarımda xoşbəxtliyi, xeyirxahlığı və digər müsbət xüsusiyyətləri əks etdirməyimə yardım göstərir.

– Hərbi Aviasiyanın yerdə və göydə uçuş zamanı çəkilişlərini həyata keçirirsiniz. Bu həvəs nə vaxtdan başladı?. Havada çəkiliş etmək risklidir və xüsusi cəsarət tələb edir. Bu sizin üçün çətin deyil ki?

– İlk dəfə hərbi pilotla tanışlığım məni bu istiqamətdə fəaliyyət göstərməyə sövq etdi.  Məhz həmin tanışlıq nəticəsində hərbi pilotların arasına daxil oldum. Lakin qeyd edim ki, özümün aviasiyaya çox böyük həvəsim olub. Pilotlarla əlaqə yaradarkən məni çəkilişlərə qəbul edəcəklərinə inanmırdım. Amma bu inamsızlıq istəyimin ardınca getməyimə mane olmadı. Hərbi fotoqrafiya ilə məşğul olduğum müddətdə iki dəfə “Turaz Qartalı” əməliyyatını havadan və yerdən çəkmişəm. 2007-ci ildə helikopter vasitəsi ilə 26 iyun Silahı Qüvvələr Günü münasibəti ilə keçirilən paradı çəkmişəm. Bu gün ən böyük arzum hərbi aviasiya sahəsində çəkdiyim fotolardan ibarət sərgi keçirməkdir.  Ümid edirəm ki, 2018-ci ildə, Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ərəfəsində bu arzum həyata keçəcək.

– Azərbaycan Fotoqraflar Birliyinin üzvü olaraq, bu qurumun fəaliyyətindən razısınız?

– Tam olmasa da, ümumilikdə qurumun fəaliyyətindən razıyam. Fotoqraflar hər hansı bir iş ortaya qoymalıdırlar. AFB isə bu sahəni təmsil edən qurum kimi görülən işlərə dəyər verməlidir. Əvvəllər gənc fotoqraflarda həvəs güclü idi. İndi əksəriyyət AFB-yə cibinə press-kart qoymaq üçün gəlir.

– Müsahibələrinizin birində “fotolar danışmalıdır” demisiniz. Fotoları danışdırmaq üçün fotoqraf nə etməlidir?

– Fotonu danışdırmaq fotoqrafın daxili aləmindən, ruhundan irəli gələn bir məsələdir. Buna izah etməklə nail olmaq mümkün deyil. Fotonu danışdırmaq üçün sənətə sevgi və təcrübə lazımdır. (red. Söhbət əsnasında özünün dediyi kimi danışan fotolarından bir neçəsini bizə nümayiş etdirir)

– Obyektiv arxasından görünən həyatla, real həyat arasında fərq varmı?. Varsa , bu fərq nədən ibarətdir?

– Obyektiv arxasına keçərkən mən gördüyümü kamera vasitəsi ilə təqdim etməyə çalışıram.  Amma real həyatla, obyektiv arxasından görünən həyat arasındakı fərqi fotoqraf özü yaradır. Yəni fotoqraf istədiyi bir hadisəni və ya obyekti göründüyündən, olduğundan fərqli şəkildə çəkərək təqdim edə bilər. Məsələn erməni fotoqraf azərbaycanlıların xarici ölkələrdən birində keçirdikləri mitinqi elə formada çəkmişdi ki, insanlarda aksiyaya çox az adamın qatıldığı təəssürratı yaranmışdı. Əslində isə aksiyada çoxlu sayda insan iştirak etmişdi.  Lakin bu fotojurnalistika çərçivəsindən çıxaraq qərəzlilik prinsiplərini özündə əks etdirir. Əgər bir hadisəyə xəbər prizmasından yanaşıramsa, o zaman real baş verənləri çəkirəm.

– Foto sənəti sizdən nələrisə alıb?
– Ümumi götürdükdə bu sənət məndən heç nəyi almayıb.  Lakin deyə bilərəm ki, foto ilə məşğul olduqdan sonra saçlarımı, əsəblərimi itirmişəm. (red. Gülür). Hətta çəkilişdə olduğum üçün övladımın kiçik toyunda iştirak edə bilməmişəm.  Lakin qazandıqlarıma nəzər saldıqda, itirdiklərim üçün heyfsilənmirəm.

Müşviq Tofiqoğlu

Foto: İlkin Əzimov

http://www.islaminsesi.info/senetine-gore-ovladinini-kicik-toyunda-istirak-ede-bilmeyen-fotoqraf-kadrdan-kenar–65257.html

Leave a Reply