Bakının tarixi və əsrarəngiz guşəsi olan İçərişəhərdə 2019-cu ilin iyun ayının 7-si “Şəhər incəsənəti. Azərbaycan” (City Art. Azerbaijan) açıq ictimai incəsənət layihəsi çərçivəsində “Qədim şəhərin müasir çaları ol!” adlı təsviri və tətbiqi incəsənət müsabiqəsinin tanışlıq sərgisi baş tutdu. Qeyd edilən Layihə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) – Rəyasət Heyəti, Rəyasət Heyəti yanında Gənc Alim və Mütəxəsislər şurası, Memarlıq və İncəsənət İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyi, Xəzər Universiteti, Qobustan Milli Tarix bədii qoruğu, Mirzə Ələkbər Sabir fondu, “NUR Art House” qalereyası və Azərbaycan Arxeoloqlar Cəmiyyəti İB tərəfindən dəstəklənməkdədir. Eləcə də, keçirilmiş sərgiyə öz məhsulları ilə “Gədəbəy Mineral Suları MMC” şirkəti də dəstək olmuşdur.

Nəzərdə tutulduğu kimi sərgidə layihə çərçivəsində müsabiqə zamanı seçilən istedadlı və yaradıcı Azərbaycan gənclərinin yaratdığı müxtəlif incəsənət nümunələri ictimaiyyətin dəyərləndirilməsinə təqdim olunmuş və müsbət rəy almışdır. Öncədən bildirildiyi kimi ziyarətçilər, o cümlədən KİV təmsilçiləri üçün sərgiyə giriş sərbəst idi. Tədbirə marağın yüksək olması ziyarətçilərin çoxluğundan aydın görünürdü. Burada peşəkar və tanınmış rəssamlar ilə birgə incəsənətə və mədəniyyətə ciddi maraq göstərən gənclərimiz də iştirak edirdilər. Tədbirin hazırlanmasında və təşkilində Nur Art House qalereyasının və Xəzər Universitetinin Humanitar, Təhsil və Sosial Elmlər fakültəsinin tələbələri aktiv iştirak etmişdirlər.

Sərgini açan layihənin yaradıcı heyətinin rəhbəri Səidə Musayeva ilk olaraq gənc rəssamlar və onların əsərlərini təqdim etdi. Daha sonra tədbirin aparıcısı, ilk sözü qalereyanın rəhbəri, UNESCO-nun Azərbaycan üzrə sənətşünas eksperti, professor, sənətşünaslıq elmləri doktoru Röya Tağıyeva verdi. Çıxış edən qonaqlar arasında layihənin tərəfdaşı olan Qobustan Milli Tarixi-Bədii Qoruğunun baş mühafizi Fikrət Abdullayev və Mirzə Ələkbər Sabir fondunun direktoru, dosent Sevda Tahirliyə vardı. Nümayiş etdirilən əsərlər, layihə və ümumilikdə incəsənət barədə çıxışlardan sonra qonaqlar və ziyarətçilər sərgi ilə tanış olmağa başladılar. Rəsmlərdə istifadə olunan üslub və yaradıcılıq diqqətləri özlərinə cəlb etməklə bərabər, peşəkar rəssamlar tərəfindən də bəyənildi, həmçinin sərgidə iştirak edən insanların xüsusi marağına səbəb oldu.

Bütün bunlarla yanaşı, layihənin bilavasitə iştirakçıları olan könüllülərin və layihə üzvlərinin işləri də təqdirəlayiq idi. Qonaqların qarşılanması, əsərlərin təqdim olunması və media işi könüllülər tərəfindən uğurla həyata keçirildi.

Üç saat yarım davam edən tədbir “Şəhər incəsənəti. Azərbaycan” (City Art. Azerbaijan) açıq ictimai incəsənət layihəsinin növbəti mərhələsinin məntiqi və uğurlu yekunu oldu.

Leave a Reply