• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

“TÜRKİYƏ SEVGİSİ AZƏRBAYCANDA” – onlayn foto sərgi

Azərbaycan Fotoqrafları Birliyi (AFB) və Türkiyə Fotoqrafiya Sənəti Federasiyasının (TFSF) birgə təşəbbüsü ilə iki qardaş ölkənin fotoqraflarını bir araya gətirən qarşılıqlı onlayn foto sərgilər təşkil olunub.

Mədəni və yaradıcı əməkdaşlığın inkişafına yönəlmiş layihə çərçivəsində “Türkiye Aşkı Azerbaycan’da” (“Türkiyə sevgisi Azərbaycanda”) adlı onlayn sərgidə 30 türkiyəli fotoqrafın əsərləri Azərbaycan Fotoqrafları Birliyinin rəsmi internet saytında nümayiş etdirilir.

Eyni zamanda, “Azərbaycan fotoqraflarının gözü ilə” adlı sərgidə azərbaycanlı fotoqrafların əsərləri Türkiyə Fotoqrafiya Sənəti Federasiyasının virtual sərgi platformasında təqdim olunur.

Sərgilər hər iki ölkənin fotoqraflarına öz yaradıcılıqlarını beynəlxalq auditoriyaya təqdim etmək, fərqli baxış bucaqlarını bölüşmək və fotoqrafiya sənəti vasitəsilə qarşılıqlı mədəni tanışlığı daha da zənginləşdirmək imkanı yaradır.

Layihənin əsas məqsədi Azərbaycan və Türkiyə fotoqrafları arasında peşəkar və yaradıcı əlaqələri genişləndirmək, təcrübə mübadiləsini təşviq etmək, ortaq mədəni dəyərləri fotoqrafiyanın universal dili ilə təbliğ etməkdir.

“Türkiye Aşkı Azerbaycan’da” sərgisinin kuratoru Burak Şenbak, “Azərbaycan fotoqraflarının gözü ilə” sərgisinin kuratoru isə Arif Ələkbərdir.

Sərgilər yeni iştirakçılar üçün açıqdır. Davamlı fəaliyyət göstərməsi nəzərdə tutulan bu layihəyə gələcəkdə yeni fotoqrafların və əsərlərin də qoşulması planlaşdırılır.

Layihədə iştirak etmək istəyən fotoqraflar əsərlərini seçim üçün info@photographer.az elektron poçt ünvanına göndərə bilərlər.

Azərbaycan Fotoqrafları Birliyi və Türkiyə Fotoqrafiya Sənəti Federasiyasının bu birgə təşəbbüsü fotoqrafiya sənətinin sərhədləri aşan gücünü nümayiş etdirməklə yanaşı, Azərbaycan–Türkiyə mədəni əməkdaşlığına yeni yaradıcı töhfə verir.