-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
Təsisçilər
Mirnaib Həsənoğlu
Mirnaib Həsənoğlu 1962-ci ildə anadan olub. 1982-ci ildən peşəkar fotoqraf kimi fəaliyyət göstərir. 1984–1989-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Tələbəlik illərində teatr tamaşalarının fotoçəkilişi ilə məşğul olub.
1990-cı illərdən fotojurnalistika sahəsində fəaliyyətə başlayıb. 1987-ci ildən sənədli fotoqrafiya istiqamətində çalışaraq Azərbaycanda milli azadlıq hərəkatı və Birinci Qarabağ müharibəsi ilə bağlı fotoşəkillər çəkib.
1998-ci ildə Azərbaycan Fotoqrafları İctimai Birliyinin təsisçilərindən biri olub. 2011-ci ilə qədər Birliyin sədr müavini vəzifəsində çalışıb. 2011-ci ildən 2022-ci ilə qədər Azərbaycan Fotoqrafları İctimai Birliyinin İdarə Heyətinin sədri vəzifəsinə seçilib.
Mirnaib Həsənoğlu müxtəlif fotoqrafiya layihələrinə görə qrant layihələrinin qalibi olub, Azərbaycanda və xarici ölkələrdə keçirilən foto müsabiqələrində iştirak edərək bir sıra mükafatlara layiq görülüb. O, 40-a yaxın fotoalbom və kitabın müəllifi və foto müəlliflərindən biri olub.
Fotoqraf yaradıcılıq fəaliyyəti ilə yanaşı, Azərbaycan fotoqrafiyası tarixinin araşdırılması, tarixi fotoşəkillərin toplanması, qorunması və təbliği istiqamətində də fəaliyyət göstərir. Onun tədqiqat maraqlarında Azərbaycan fotoqrafiyasının inkişaf mərhələləri, sənədli fotoqrafiya və tarixi foto irsin öyrənilməsi xüsusi yer tutur.
2025-ci ildə Fransada nəşr olunan "Eyes of Fire" kitabının müəllifi olub.
Rəfail Əli oğlu Qəmbərov
Rəfail Qəmbərov – Azərbaycan kinooperatoru, fotoqraf, təsvir rejissoru, pedaqoq, Əməkdar incəsənət xadimi və dosentdir. O, Qroznı şəhərində anadan olub. Orta məktəb illərində Bakıda fotoqrafiya ilə məşğul olub. 1966–1971-ci illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsində təhsil alıb.
1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında fəaliyyət göstərən Rəfail Qəmbərov 16 bədii və 30-dan çox sənədli filmin təsvir rejissoru olub. Onun yaradıcılığında kino sənəti ilə yanaşı, fotoqrafiya da mühüm yer tutur. O, çoxsaylı fotoalbom, plakat və təqvimlərin müəllifidir. Foto əsərləri Azərbaycanda və xarici ölkələrdə keçirilən sərgilərdə nümayiş etdirilib.
Rəfail Qəmbərov Azərbaycan fotoqrafiya sənətinin inkişafına və peşəkar fotoqrafiya təhsilinin formalaşmasına da mühüm töhfələr verib. Amin Novruzovla birlikdə "Fotokompozisiya" dərsliyinin həmmüəllifidir.
1987–1991-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kinooperator qrupunun rəhbəri kimi fəaliyyət göstərib. 2004-cü ildən universitetin "Kino və televiziya sənətləri" kafedrasında müəllim və dosent kimi çalışır.
20 noyabr 1998-ci ildə Azərbaycan Fotoqrafları İctimai Birliyinin təsisçilərindən biri olub. 1999–2007-ci illərdə həmin birliyin sədri vəzifəsini icra edib. Bu dövrdə Azərbaycan fotoqraflarının peşəkar fəaliyyətinin inkişafı, onların yaradıcılığının təbliği və fotoqrafiya sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyət göstərib.
Rəfail Qəmbərov SSRİ Dövlət Mükafatı laureatı, Əməkdar incəsənət xadimi, "Milli Kino Mükafatı" laureatı və Prezident təqaüdçüsüdür. 2018-ci ildə Azərbaycan Prezidenti tərəfindən Azərbaycan kino sənətində uzunmüddətli və səmərəli fəaliyyətinə görə Prezidentin fərdi təqaüdünə layiq görülüb.
