Budapeşt, 2023-cü il, Karate üzrə Dünya Çempionatı. Bu kimi yarışlarda həmişə qalib və məğlub olanların emosiyaları özünü büruzə verir. Yarışan bir idmançı ilə bir yaxınlığınız, ona rəğbətiniz var isə, duyğunlarınınz ona köklənir, sonda o emosiylardan birini siz də yaşayır. Lakin, neytral mövqedə dayandığınız zaman yaşanan bütün duyğuları görə bilirsiniz. Belə anlarda, bir saniyənin insanı xoşbəxtlik və kədərdən, ağrı və həzzdən necə ayırdığını görmək təsirlidir.

Bu müsabiqədə xüsusilə yadımda qalan bir neçə məqam oldu. Onlardan biri Türkiyəli karatistin qalib olduğu anda, eyni kadrda sevinc gülüşünü və sevincdən ağlamağı görmək idi. Digəri –  Səudiyyə Ərəbistanlı idmançının mübarizədən alnı, üzü, barmaqları sarğı ilə ayrılması. Orada görməyi heç düşünmədiyim səhnələrdən biri İndoneziyalı idmançının məşqçisinin əlini üzünə götürərək, ondan xeyir dua alması və döyüşdən öncə Tunisli idmançının əlcəklərini çıxartmadan əllərini açaraq dua etməsi idi.

İdmançının qazandığı nailiyyət sadəcə o yarışın nəticəsinə görədir. Qalib idmançı həmin o mübarizəyə görə mükafat alır. Məğlub isə… Bir daha təkrar mübarizəyə girsə, bəlkə də növbəti dəfə elə o qalib çıxa bilər. Döyüş bir dəfə keçirilir odur ki, bunu heç zaman bilə bilmirik. Amma, bu çempionatda fərqli bir hal yaşandı – daha əvvəl bitən döyüşdə baş vermiş hakim nöqsanına görə nəticələr qismən etibarsız sayıldı. Beləcə, o iki idmançı mübarizənin müəyyən hissəsindən etibarən, həmin ana qədərki mövcud xalları ilə döyüşü təkrar etməli oldular. İlk mübarizədən qalib ayrılan Türkiyəli idmançı, bu dəfə kiçik fərqlə məğlub ayrılır. Bir neçə dəqiqə öncə özünü ən xoşbəxt hiss edənlər arasında ikən, bir anda ən dərin kədərə boğulur.

Foto/Mətn: Nurlan Tahirli

Leave a Reply