1 noyabr tarixində Teleradio Akademiyasının Operatorluq ixtisasında təhsil alan tələbələrin “Addım” adlı yaradıcılıq sərgisi keçirildi. Teleradio Akademiyasının operatorluq kursunun bir qrup dinləyicisinin “Addım” fotosərgisinin təntənəli açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Televiziyasının əməkdaşları və Akademiyanın müəllim-dinləyici heyəti iştirak ediblər. Tədbiri giriş sözü ilə açan rektor, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Faiq Hüsiyev bildirib ki, bu cür sərgilərin keçirilməsi həm dinləyicilərin Akademiyada mənimsədikləri bilikləri, əldə etdikləri təcrübəni bariz şəkildə nümayiş etdirir, həm də digər müdavimlərin fotoqrafiya zövqünün formalaşmasına müsbət təsir göstərir. Mərasimdə Akademiyanın müəllimi Hüseyn Hüseynov, AzTV-nin baş operatoru, Əməkdar incəsənət xadimi Fazil Hadıyev, qocaman operator, Əməkdar mədəniyyət işçisi Nəriman Şixəliyev, AzTV-nin ictimai-siyasi proqramlar və xarici xəbərlər studiyasının direktoru Sərvər Bayramov, Akademiyanın müəllimləri – Əməkdar artist Nərgiz Cəlilova, Əməkdar artist Sevda Ağazadə, operatorluq kursunun dinləyicisi Allahverdi Məmmədov çıxış edərək, sərginin açılışı münasibətilə foto müəlliflərini, eləcə də Akademiyanın rəhbərliyini təbrik ediblər. Natiqlər bildiriblər ki, yüksək səviyyədə dərslərin keçirilməsi ilə yanaşı Akademiyada bu cür sərgilərin təşkil olunması çox təqdirəlayiqdir.

Sərgidə Azərbaycan Fotoqrafları Birliyinin üzvü Arzu Mürvətovanın “Sülh yağışı”, “Bizi heç vaxt unutmayın”, Allahverdi Məmmədovun “Namaz vaxtı”, Heç vaxt təslim olma!”, Xəyal Abbasovun “Mən varam!”, “Əks”, “Təbiəti qoruyaq”, Samir Abdullayevin “Yeganə dostum Xəzər”, “Qorxu”, Baxış”, Elmir Quliyevin “Mənim evim”, “Qaqarin demişkən”, Vüqar Əliyevin “Mənzərə”, “Hamıdan gözəl mənəm” və Cavid Nəcəfovun “Eksperiment” adlı fotoları nümayiş olunub. Qrupun rəhbəri Hüseyn Hüseynovdur.


Leave a Reply