Gürcüstanın paytaxtı Tbilisi şəhərində 12 iyul tarixində Azərbaycanlı fotoqraf Nurlan Tahirlinin fərdi sərgisinin açılışı olmuşdur. “Travel Tunnel” (Səyahət Tuneli) adlanan və 3 gün davam edən foto-sərgi Gürcüstan Milli Parlament Kitabxanasında Azərbaycan Fotoqrafları Birliyi (AFB) və Gürcüstan Fotoqraflar Assosiasiyasının (APG) birgə təşkilatçılığı ilə baş tutmuşdur. Burada fotoqrafın 30-dan çox səyahət və şəhər mənzərələri mövzusunda, habelə 360° panoramik şəkilləri nümayiş olunmuşdur. Tədbiri giriş sözü ilə açan APG-nin sədri Kaxa Pxakadze N.Tahirlinin yaradıcılığının çox gözəl təhlilini vermiş, onun fotoqrafiya sahəsində daha böyük uğurlar qazanacağına əmin olduğunu söyləmişdir. Daha sonra söz alan APG-nin idarə heyətinin üzvü Nino Mgebrişvili, Associate Press-in fotomüxbiri Şahvələd Eyvazov və fotoqraf George Okromçedlişvili fotoqrafı təbrik etmiş, ona yaradıclıq uğurları diləmişlər.
Azərbaycan Fotoqrafları Birliyinin katibi, eləcə də Gürcüstan Fotoqraflar Assosiasiyasının 2017-ci ildən üzvü olan N. Tahirlinin bu sərgisi sayca üçüncüdür. Daha öncə fotoqrafın Azərbaycanda (2015) və Türkiyədə (2016) fərqli mövzularda əsərləri nümayiş olunmuşdu.
Nurlan Tahirli təhsilinin bakalavr pilləsini Azərbaycan Dövlət İqtisad Universitetində, marketinq üzrə magistratura təhsilini Türkiyənin Sakarya Dövlət Universitetində almışdır. Bir sıra beynəlxalq foto-müsabiqələrin iştirakçısı və mükafatlarının lauretı olan fotoqraf 2019-cu ildə Avropa Fotoqrafları Federasiyası (FEP) tərəfindən “European Photographer” (Avropa Fotoqrafı) kvalifikasiyasına layiq görülmüşdür.

Leave a Reply