Avropa Fotoqrafları Federasiyasının (FEP) “İlin Professional Fotoqrafı 2020” müsabiqəsinin yekun nəticələri elan olundu. 22 Mart tarixində İtaliyanın Roma şəhərində baş tutması planlanan mükafatlandırma mərasimi Covid-19 pandemiyası səbəbiylə ləğv olunmuş, tədbirin canlı yayım ilə onlayn verilməsi qərara alınmışdır. Müxtəlif nominasiyalar üzrə ümumilikdə 30 ölkədən 276 fotoqrafın 2301 işi müsabiqədə iştirak etmiş, 4 Aprel 2020 tarixində canlı yayımda nəticələr elan olunmuşdur. Müsabiqədə iştirak edən Azərbaycan Fotoqrafları Birliyinin üzvü və katibi Nurlan Tahirli, FEP müsabiqəsində “MERIT” mükafatına layiq görülərək Azərbaycana ilk mükafat qazandıran fotoqraf olmuşdur. İdman kateqoriyasiyasının TOP-10 finalisti olan fotoqraf 9-cu yer tutmuşdur. Sosial şəbəkə səhifəsində paylaşım edən Nurlan Tahirli “MERIT award ilə Avropa Fotoqrafları Federasiyasının “İlin Professional Fotoqrafı” mükafatlandırmasından Azərbaycana İLK mükafatı gətirmək böyük sevinc mənim üçün. 2020-ci il müsabiqəsində hələ TOP-10 finalist olduğumu biləndə çox sevinmişdim. Əslində seremoniyaya İtaliyaya Mart ayına dəvət etmişdilər. Lakin bilinən səbəblərə görə tədbir ləğv olundu, əvəzinə onlayn olması qərarı alındı, və fərqli bir həyəcanla keçdi. 9-cu yer 1-ci yer olmasa da, filmlərin Oscar, BAFTA nominantı olmaq kimi nailiyyətdir. Bu isə daha çox çalışmağa sövq edir. 2021-də görüşmək diləyi ilə.” -deyərək hisslərini bölüşmüşdür.

Qeyd edək ki, Nurlan Tahirli ötən il FEP-dən “Avropa Fotoqrafı” (EP) kvalifikasiyasını qazanmışdır.

Leave a Reply