27 mart – 1 aprel 2018-ci il tarixlərində Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən “ГаШоТю” IV Beynəlxalq Komediya Sənəti Festivalı sona çatıb. Ən yaxşı qısametrajlı komediya filmi, komedik pyes, məzəli hekayə və məzəli foto nominasiyaları üzrə Ukrayna, Polşa, Fransa, Rusiya, İsrail və digər ölkələr ilə yanaşı Azərbaycan da finala vəsiqə alıb.

Festivalın təşkilat komitəsində yer alan “Atropatena Films Prodakşının” rəhbəri, rejissor və ssenarist Tərlan Göycəli bildirib ki, festivala fəxri qonaq qismində dəvət olunan Fotoqrafları Birliyi və Rəssamlar İttifaqının üzvü Arzu Mürvətova Azərbaycanı “Məzəli foto” nominasiya üzrə təmsil edib. 27 mart Beynəlxalq Teatr günü festivalın rəsmi açılışında finalçı Arzu Mürvətovanın hazırladığı Bakı haqqında qısametrajlı çarx tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib.

Festivalda Azərbaycandan qatılmış Arzu Mürvətovaya fəxri qonaq statusu verilərək, ona və onu müşayiət edən heyətə xüsusi diqqət ayrıldığı vurğulanıb. Proqram çərçivəsində Kiyev şəhəri ilə yaxından tanışlıq, müxtəlif ustad dərslərində, tamaşalarda, milli balet teatrında və Berezan şəhər meriyası tərəfindən təşkil olunan şəhər muzeyinə ekskursiyada iştirak ediblər. Həmçinin Ukrayna Radiosuna xüsusi dəvət olunan həmyerlimiz Arzu Mürvətova festival ilə bağlı müxtəlif sualları cavablandırıb.

1 aprel Ümumdünya gülüş gününə təsadüf edən festivalın bağlanışında finalçıların qısametrajlı filmləri, fotolarından ibarət sərgi nümayiş olunub və qaliblər elan edilib. “Yeni nağıl kitabı ətrafında müzakirələr” adlı fotonun müəllifi Arzu Mürvətova alman və fransız rəqiblərini geridə qoyaraq “Məzəli foto” nominasiyası üzrə III yerə layiq görülüb və Azərbaycanı beynəlxalq arenada yüksək səviyyədə təmsil edib.

Qeyd edək ki, festivalda qalib gələn qısametrajlı filmlər Ukraynanın müxtəlif şəhərlərinin kinoteatrlarında, bir sıra mərkəzi vəregional TV kanallarda nümayiş etdiriləcək, pyeslər, hekayələr teatrlarda səhnələşdiriləcək və foto nominasiyasının qaliblərinin isə fərdi foto sərgiləri açılacaq.

Leave a Reply