27 Sentyabr – 01 Oktyabr 2023 tarixlərində, Türkiyə Respublikasının 100 illiyi çərçivəsində 3-cü TEKNOFEST festivalı İzmirdə baş tutdu. 27 Sentyabrda açılış mərasiminə Sənayə və Texnologiya naziri Mehmet Fatih Kacır, Müdafiə Sənayesi sədri Haluk Görgün, İzmir Qubernatoru Süleyman Elban, BAYKAR İdarə Heyəti, T3 Fondu Himayədarlar Heyəti və TEKNOFEST İdarə Heyətinin sədri Səlcuq Bayraqdar və digər rəsmi qonaqlar qatıldı.

Festival, ardınca müxtəlif stend və səma tamaşaları eləcə də səhnə konsertləri ilə davam etdi.

Tədbirin 3-cü günü festivala Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ziyarət etdi. Səhnə çıxışından sonra müxtəlif nominasiyalar üzrə qalib gələn iştirakçılara mükafatlarını təqdim etdi. Daha sonra BAYKAR İdarə Heyəti, T3 Fondu Himayədarlar Heyəti və TEKNOFEST İdarə Heyətinin sədri Selçuk Bayraktar prezidentə səhnədə Teknofest plaketini təqdim etdi.

5 gün davam edən festivalda gün ərzində Türk Silahlı Qüvvələrinə, Jandarma, Dövlət Sərhəd Xidmətinə aid vertolyot, girokopter, paraşüt, eləcə də Türk Yıldızları, SoloTürk və Bayraktar TB2, Akıncı insansız hava vasitəsələri müxtəlif səma nümayişlərini etdi.

Teknofestin son günündə, daha öncə ilk dəfə 30 Avqust Zəfər bayramında Ankara TEKNOFEST festivalında həyata keçirilən xüsusi nümayiş göstərildi. Belə ki, Hürkuş, Akıncı və SoloTürk ilk dəfə olaraq birlikdə sinxron uçuş həyata keçirtdilər.

Festival üçün digər tarixi hadisələrdən biri isə, son gündə, SoloTürk pilotlarından olan Polkovnik-leytenant Emre Mert-in Oktyabr ayında son uçuşunu etməsi idi. Ardınca SoloTürk pilotları imzalama mərasiminə qatıldılar. İmzalamanın sonunda Polkovnik-leytenant Emre Mert, Mayor Murat Bakıcı, Mayor Yasin Dikkule və İnsan Resurslarından Baş leytenant Alper Şen Azərbaycan Fotoqrafları Birliyinin fotojurnalisti üçün birlikdə xatirə şəkli çəkdirdilər və video çarx vasitəsiylə Azərbaycana salam və dəstək mesajlarını yolladılar.

Avqust-Sentyabr ayında Ankara-da baş tutan festivala 943.000, İzmirdə isə 1.1 milyon ziyarətçi gəldi. Daha öncə Aprel ayında İstanbulda keçirilən Teknofestə 2 milyon 547 min ziyarətçi axını olmuşdu.

Mətn/Foto: Nurlan Tahirli

Leave a Reply