Əsərləri Amerikanı ovsunlayan yeganə azərbaycanlı: “Hər gün Abşeronun…” – MÜSAHİBƏ

http://publika.az/projects/xususi/230157.html

Publika.az “İlin fotoqrafı 2015 – Qold Arqus” laureatı, dizayner, əsərləri Amerikada sərgilənən yeganə azərbaycanlı fotoqraf Eldar Əkbərovla müsahibəni təqdim edir:

  • Fotoqrafiyanın sizin üçün hobbidən daha artığı varmı? Varsa, nədir?
  • Əslində fotoqrafiyaya başlayanda fikirləşmirdim ki, bu, mənim üçün ciddi bir məşğuliyyətə çevriləcək. Fotoqrafiyaya stress atmaq üçün əla bir vasitə kimi baxırdım. Və fotoaparatı götürdüm ki, həyatın problemlərindən uzaqlaşım, öz-özümlə danışım. Çünki heç kimlə nəyisə bölüşmək istəmirdim. Beləcə, başladım bu sahə ilə maraqlanmağa. Ancaq daha sonra fərqinə vardım ki, fotoqrafiya gördüyüm və fikirləşdiyim kimi asan bir iş deyil. Onun çətinliyi məndə daha çox maraq oyandırdı və başladım fotoqrafiya ilə daha dərindən maraqlanmağa. Fotoqrafiyada axtarışlarım beləcə başladı.
  • Bəs nə zaman gördünüz ki, bu, sizdə alınır?
  • İlk başlarda yalnız ağ-qara fotolar çəkirdim. Çünki belə fotoları çəkmək mənə çox asan görünürdü. Fotolarımı tanınmış klassik fotoqrafların əsərləri ilə müqayisə edirdim və görürdüm ki, həqiqətən, mənim çəkdiklərim klassik fotolara çox yaxındır. Fotoda uğur qazanmağımda həm dizyner olmağımın, həm də daha əvvəl bir müddət rəssam kimi fəaliyyət göstərməyimin payı oldu. Sonra həmin fotolarım Rusiyanın, İngiltərənin bəzi saytlarında dərc edildi. Artıq ağ-qara fotolar mənə çox-çox asan gəlirdi. Bu sahədə yeni nə isə tapa bilmirdim. Beləliklə, qərar verdim ki, işi bir az da çətinləşdirim. Və rəngli fotolar çəkməyə başladım. Çünki rəngli fotolar çəkmək olduqca çətindir. Ağ-qara fotolarda ekspressiya öz-özündən yaranır. Çünki orada kontrast var. Ancaq müxtəlif rəngli fotolarda bu ekspressiya metodu işləmir. Burada gərək rəng harmoniyasını görə biləsən, rəngin tonu və kompozisiyanı tuta biləsən. Artıq burada hər şeyi özün fikirləşib tapmalısan.

  • Ümumilikdə, nədir fotoqrafiya?

  • “Fotoqrafiya nədir” sualına cavab versəm, subyektiv yanaşma olacaq. “Mən fotoqrafiyanı necə görürəm” sualına isə cavab verə bilərəm. Bu sahə mənim üçün estetik gözəlliyi araşdırıb tapmaq və onu kağıza köçürə bilməkdir. Düşünürəm, bir foto çap olunmayıbsa, o hələ sənət deyil. Bu, əmin olduğum şəxsi fikrimdir. Çünki çəkilən foto çap vəziyyətində tamam başqa bir həyat qazanır. Foto fotoqrafın həm həyatda, həm də monitorda gördüyündən seçilir. Çapın da öz qanunları var. Burada printerin fotonu ötürmə keyfiyyəti, kağızın rəngləri götürə bilməsi və s. önəmlidir.

  • Bir fotonun gözəlliyi sadəcə obyektin möhtəşəmliyindən asılı olsaydı, dünyada hər kəs əla fotoqraf olardı. Ancaq reallıq heç də bu aksiomu təsdiqləmir. Bəs yaxşı fotoqraf ola bilməyin şərtləri nələrdir?

  • Yaxşı fotoqraf olmaq üçün baxıb görmək azdır. Yaxşı fotoqraf olmaq üçün, ilk növbədə, estetik hissiyyat olmalıdır. Bunu necə tapmaq olar? Daimi şəkildə rəssamlıqla maraqlanmaq, rəssamların texnikası ilə tanış olmaq, bu sahə üzrə kitablar oxumaqla. Biz fikirləşirik ki, fotoqrafiya gözdən asılı bir şeydir. Ancaq tamamilə səhv yanaşmadır. Göz burada sadəcə beyin üçün vasitədir. Beyin gözdən istifadə edərək obyekti görür. Deməli, fotoqrafın çəkdiyi əslində onun beyninin məhsuludur. Yəni mən gördüyümü yox, görmək istədiyimi çəkirəm. Vəssalam. Və bir də estetik inkişafı qətiyyən dayandırmaq olmaz. Daim oxumaq, yeniliklərlə tanış olmaq lazımdır.

  • Rəssamlıqla fotoqrafiyanın fərqləri hansılardır?- Fotoqraf reallığı lentə alır, ancaq bir rəssam üçün gördükləri azdır. Rəssamlıqda reallığı dəyişdirmək olur. Fotoqrafiyada isə bu mümkünsüzdür. Çətinlik də elə burada yaranır. Fotoqrafiyada gördüyünü qeyri-real göstərməyi bacarmalısan. Fotoda reallığın ilkin təəssüratını gizlətməyi bacarmaq lazımdır. Əsl usta işi elə budur. Ancaq hərəsi özünə görə maraqlı və çətindir.

  • Həyatın neçə rəngini görürsünüz?

  • Gördüyüm bütün rənglər mənim üçün xoşdur. Çünki gördüyüm faktdır. Sarı, göy, yaşıl – bunlar mənim gözümün qabağındadır. Söhbət ondan gedir ki, bütün bu rənglərin xaosundan harmoniyanı tapa biləsən. Foto çəkəndə rəngləri pisə, yaxşıya ayırmıram. Önəmli olan onları kadra otuzdura bilməkdir.

  • Rəssamlıqda sizə hansı cərəyanlar daha isti gəlir?

  • Əsasən, metafizika əsərləri diqqətimi çəkir. Ancaq daha çox supermatizm janrına üstünlük verirəm. Çünki supermatizm adi insan üçün anlaşılmazdır. Belə fotolara baxmaq üçün estetik baxımdan hazır olmaq lazımdır.

  • Bir az da layihənizdən danışaq. Niyə məhz “Deja vu”?

  • Bu layihədə yer alan fotoların bir qanunauyğunluğu var. Belə deyək: bir fotonun başqa bir cütü var. Kitabın içindəki fotolar ardıcıllıqla düzülüb və növbəti foto özündən əvvəlki ilə bir oxşarlıq təşkil edir. Sirr isə buradakı oxşarlığı axtarıb tapmaqdır. Məhz bu zaman bir fotonun yaratdığı təəssürat özündən sonrakında hiss olunur. Araşdırıb tapmaq lazımdır ki, buradakı fotolar bir-birini nə ilə xatırladır. Bu metod fotoları izləyən insana bir oyun kimi gəlir.

  • Fotolara nəzər yetirdim və belə bir nəticəyə gəldim ki, əksər fotolarda bir hərəkət var. Elə bil, kilimlər rəqs edir, ağaclar nəfəs alır, insanlar tələsir, külək qumla oynayır. Bu məqsədli şəkildə seçilmiş təəssüratdır?

  • Fotoqrafiyada maraqlı iki məqam var. Biri var, obyekt hərəkət edən anda çəkirsən. Məsələn, insan gülümsəyir və sən bu anda kadrı yaxalayırsan. Biri də var obyekt hərəkətsizdir, yəni insan gülümsəmir. Ancaq sən kadrı elə tutursan, elə bil ki, bu saniyə nə isə olacaq. Bax, bu məqamı tutmaq lazımdır ki, insan baxanda bunu hiss eləsin. Mən ikinci fikri daha çox xoşlayıram. Çünki birinci variant başadüşüləndir. Ancaq ustalıq ondadır ki, sən heç bir şey baş verməyən anda belə, nə isə bir hərəkətin hissini ötürə bilirsən.

“Deja vu”da üstünlük verdiyim janr metafizikadır. Burada bir-birinə aidiyyəti, uyğunluğu olmayan elementlər anidən bir simmetriyanın içinə daxil olur. Məsələn, işıq dirəyi ilə işıqforu götürək. Onları elə kadrda lentə almaq lazımdır ki, tamamilə başqa bir auranı bəxş etsin. İşıqfor işıqforluğundan çıxsın, işıq dirəyi isə tamamilə başqa bir şey kimi görünsün.

  • Layihə harada sərgilənib?
  • Mən bu kitabı Amerikaya göndərmişdim. Orada Davis Orthon Universitetinin qalereyasında keçirilən yarışmada ilk onluğa düşmüşdü. Sonra yarışmanın şərtlərinə uyğun olaraq layihə Massaçussets “Griffin” Fotoqrafiya Muzeyində sərgilənmişdi. Daha sonra Bakıda, Moskvada, Gürcüstanda, Sankt-Peterburqda da sərgilənib. Beləliklə, kitab fikirləşmədiyim qədər uğur qazandı.

“Deja vu”dan başqa, əsərlərim Moskvada, Kiyevdə, Tallində, Tümendə sərgilənib.

  • Qayıdaq incəsənətə. Belə bir fikir var ki, incəsənət bir az da “Allahlıq” tələb edir. Razısınızmı bu fikirlə?
  • Mən inanmıram ki, nəyisə yaratmaq olar. İstədiyin bir şey haqqında düşünürsən, axtarırsan, onun arzulayırsan. Zamanla nələrsə özü sənə doğru gəlir. Əgər sən istədiyin şeyi qəbul etməyə, anlamağa açıqsansa, onu özününküləşdirə bilirsən. Əsas odur ki, yaratmağa can atasan və bunun üçün çalışasan. İnsan axtardıqda tapa bilir. Ancaq istədiyinin haradan və necə gəldiyi mənim üçün müəmmalıdır. Amma hər halda oturub gözləyən birinə heç nə gəlməz deyə düşünürəm.

  • Bəs siz nə axtarırsınız?

  • Hazırda sənətimdə yeni estetika axtarışındayam. Ancaq son günlərdə, deyəsən, nə isə tapmışam. Düzdür, hələ tam formalaşdıra bilməmişəm tapdığımı. Lakin çəkmək istədiyim kadrın bütün detalları mənim üçün aydındır. Soyadı Müller olan hollandiyalı bir rəssam var. Onun əsərlərinə baxarkən anladım ki, rəssamlığın həmin variantını fotoqrafiyada işləyə bilərəm. Burada əhəmiyyətli olan təbiət, onun fon kimi istifadə edilməsidir. İstədiyim kadrı tutmaq üçünsə mənə dəqiq bir yer, o yerin hansı fəsildə, günün hansı yarısında necə görünməsi önəmlidir.

  • Kifayət qədər beynəlxalq təcrübəniz var. Ölkəmizdəki fotoqrafiya ilə dünya fotoqrafiyasını müqayisə edin, zəhmət olmasa…

  • Müqayisə etmək çətindir. Çünki Avropada, Amerikada fotoqrafiya o qədər inkişaf edib ki, artıq ona bəlli sərhədlər qoymaq mümkün deyil. Orada artıq fotoqrafiyaya professional peşə kimi yanaşılır və bunun dərsini almaq üçün universitetlər fəailyyət göstərir. Buna görə də dünyada fotoqrafiya getdikcə güclənir və inkişaf edir. Bizdə isə hər kəs özü üçün axtarışdadır. Buna görə də öz “qabımızda qaynayırıq”. Avropada sərhədlər olmadığı üçün hansı ölkədə nə mövzu aktual olarsa, hamı oraya axışır və istədiyi kimi işləyir. Bizdə isə bu mexanizm yoxdur. Onların düşüncəsində və hərəkətlərində sərhədlər də yoxdur. Nə vaxt ki, biz sərhədlərimizi aşa biləcəyik, o zaman inkişafa addım atacağıq. Elə fotolar çəkməliyik ki, o, nəinki, bizim, bütün dünyanın insanları üçün danışmalıdır. Buna görə də oxumaq lazımdır, gəzmək lazımdır, maraqlanmaq lazmdır. Fotoaparatı isə ən sonda ələ götürmək lazımdır.

  • İncəsənət insana necə yanaşır? Məsələn, bəziləri düşünür ki, inəcənət insana zövq verir, rahatlaşdırır, məşğuliyyət yaradır. Bəziləri isə incəsənətin insanlara maksimum sosial-məişət rahatlığı bəxş etdiyini zənn edir.

 

-Şəxsən mən foto çəkdiyim zamanlarda dincəlirəm. Havaya baxıram, rənglərə baxıram, buludları seyr edirəm. Fotoqrafiya ilə məşğul olmayanda belə şeylərə qətiyyən fikir vermirdim. Ancaq fotoqrafiyadan sonra dünyagörüşüm artdı, yeni insanlar tanıdım, yeni rəssamlar kəşf etdim. İncəsənət mənim baxış bucağımı, üfüqlərimi genişləndirdi. Mənim üçün yollar açdı, düşüncələrimi dəyişdirdi. İçimdəki potensial gücü yönləndirməyə yardım etdi.

-Pikassonun “Quernika” əsərində çatdırdığı mesaj artıq hər kəsin əzbərindədir. Bəs siz əsərlərinizdə hansısa mesaj çatdırmaq məqsədi güdürsüz?

  • Fotoqrafiyada mesaj çatdırmaq məsələsi istər-istəməz var. Çünki fotoqrafiya fakta əsaslanır, onu göstərir. Məsələn, mən “Bağ” adlı bir sərgi təşkil etmişdim. Orada sərgilənən fotoları 60-80-ci illərin Abşeron bağlarından çəkmişdim. Fotoqraf istəyə uyğun olaraq, hər hansı mesaj verməyə də bilər. Sadəcə öz fikrini çatdırmaq üçün çəkər. Ancaq mənim həmin sərgi ilə konkret bir mesajım var idi. Mən o zaman əvvəlki vəziyyətindən əsər qalmayan Abşeron bağlarına diqqəti çəkmək istəyirdim. Bu ideya məndə işlə əlaqədar olaraq Nardarana getdiyim vaxt yarandı.

Maşınla keçdikcə yol kənarlarındakı bağlara baxırdım və görürdüm ki, əvvəlki mənim uşaqlığımdakı bağlar artıq yoxdur. Qalanlar da tamam dəyişib və başqa bir forma alıb. Sonra birdən fikirləşdim ki, hazırkı nəsil mənim beynimdəki fikirlərdən xəbərsizdir. Onlar keçmiş Abşeron mədəniyyətini heç təsəvvür belə etmirlər. Elə o zaman qərara aldım ki, Abşeronu lentə almalıyam. Sərgi edəcəyim ağlıma gəlmirdi. Çünki fotoqrafiya sahəsində layihə hazırlayacağımı düşünməmişdim. Sadəcə xatirələrimi, bildiyim məlumatları lentə alırdım. Hazırda Abşeronun ekologiyası ilə bağlı daha bir layihəm üzərində işləyirəm.

  • Məşhur yazıçı Anar bir əsər yazmışdı və həmin əsər əsasında “Gün keçdi” filmi səhnələşdirilmişdi. Filmdə bir fraqment var: Əsmər İçərişəhərin küçələrində dolaşır və uşaqlığını, qonşularında bişən şəkərburaların qoxusunu, dostları ilə səmimi günlərini xatırlayır. Məhz bu səhnə siyasi rejim ucbatından sökülməkdə olan İçərişəhəri ölümdən xilas edir. Təbii ki, Anar da əsəri elə bu məqsədlə qələmə almışdı. Siz necə, düşünürsünüzmü ki, fotoqrafiya nəyisə tarixin ölümün qarmağından qurtara bilər?
  • Əlbəttə, xilas edər. Məsələn, Nardaran tərəflərdə “Ləyiş bağları” var. Orada iki qədim məscid mövcuddur. İnandırım sizi, o qədər gözəldir… Onlardan birinin fotosunu iki-üç il bundan əvvəl çəkmişdim. Keçən ilin yayında gedəndə artıq həmin məscid yox idi. Gənc arxitektorlara da məsləhət gördüm ki, digər məscidin eskizlərini çəkib götürsünlər. Çünki nə zamansa həmin məscidin bərpasında lazım olacaq. Çünki onlar möhətəşəm əsərlərdir. Ancaq burada çox çətin bir məqam var. Biz çəkirik, hazırlayırıq, göstəririk. Məsələ orasındadır ki, insanlar bizim göstərdiklərimizi görmək istəyirlər? Onlar buna hazırdırlarmı? Buna baxmayaraq, dayanmaq lazım deyil. Bu gün anlamasalar, bəlkə, sabah anlaya bilərlər. İndi sosial problemlər həddən artıqdır. Biz də çalışırıq bu yöndə nələrsə edək.

Əgər fotolarım nəyisə xilas etsə, çox xoşbəxt olaram.

  • Nələri xilas etmək istərdiniz?
  • 4 ildir, Abşeronu qarış-qarış gəzirəm. Qobustandan Tağıyev qəsəbəsinə qədər piyada gedirəm. Hər gün Abşeronun uğradığı dəyişikliklərin canlı şahid oluram. Mən bunu dilə gətirəndə kimsə diqqət etmir. Çünki hamının başı öz işinə, problemlərinə qarışıb. Heç kimin vecinə deyil ki, o bərəkətli torpaqlarda kimi villa ucaldır, kimi hasar çəkir. Ancaq yavaş-yavaş hər şey dəyişir və biz Abşeronun heç nəyi qalmayan təbiətinə hələ də laqeydik. İstəyirəm, Abşeronun zibil, tullantı içində qalan, nəhəng evlərin ağırlığından əzilən təbiətini xilas edim. Bu, mənim üçün vacibdir. Çünki tək mənə yox, gələcək nəsillərə lazımdır bu torpaqlar, bu bağlar…

Zümrüd Kərimova,

Foto: Səfiyar Məcnun

Leave a Reply