-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
Bakıda 7-11 yanvar tarixlərində yunan-Roma və sərbəst güləş üzrə ölkə çempionatı keçirildi.
Yanvarın 8-də günün ikinci yarısında həm çempionatın rəsmi açılış mərasimi, həm də ilk gündən mübarizəyə qatılan 5 çəki dərəcəsində (55, 63, 72, 82 və 97 kq) final görüşləri keçirilib.
Açılış mərasimində MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər İdman Naziri Fərid Qayıbov, AGF-nin vitse-prezidenti, Dünya Güləş Birliyinin Büro üzvü Namiq Əliyev, AGF-nin baş katibi Pərvin Piriyev çıxış edib.
Mərasimin rəsmi hissəsi bədii hissə ilə davam edib.
İdmançı karyerasını yenicə başa vuran tanınmış güləşçilər (dünya və Avropa çempionları, Olimpiya mükafatçıları) - Hacı Əliyev, Rafiq Hüseynov, Rəsul Çunayev, Taleh Məmmədov və ən titullu qadın güləşçimiz Mariya Stadnik (10 qat Avropa, 2 qat dünya çempionu və 4 dəfə Olimpiya mükafatçısı) səhnəyə dəvət edildi və onlara Olimpiya çempionları - Fərid Mansurovla Namiq Abdullayev AGF adından mükafatlar təqdim edib.
Daha sonra isə yuxarıda qeyd edilən 5 çəki dərəcəsində bürünc medallar uğrunda və həlledici final görüşləri keçirilib, bununla da ilk beş qalib müəyyənləşib.
55 kq-da çempion adını Elmir Əliyev qazanıb. O, finalda Ziya Babaşovu birinci xal prinsipi əsasında məğlub edib (1:1) və ötən ilki titulunu qoruyub.
63 kq çəkidə qalib adını finalda Ziya Babaşovu 4:1 hesabla üstələyən Sakit Quliyev qazanıb.
72 kq-da çempionluq zirvəsinə Xalid Həsənov üzərində vaxtından əvvəl qalib gələn (8:0) Fəraim Mustafayev yüksəlib. O, bu çəkidə ilk dəfə özünü sınayıb və çempion olub.
82 kq çəki dərəcəsində çempion adını Tuncay Vəzirzadə qazanıb. Onun finaldakı rəqibi Elmin Əliyev zədəli olduğu üçün güləşməyib. Və nəticədə Tuncay 6-cı dəfə Azərbaycan çempionu olub.
Ən maraqlı final qarşılaşması isə 97 kq-da Murad və Məhəmmd Əhmədiyev qardaşları arasında olub. İlk xal qazanan Məhəmməd olsa da sonda qalib adını Murad qazanıb - 3:1.
Qalib və mükafatçılar AGF tərəfindən pulla mükafatlandırılıb. Birinci yerə 1000, ikinci yerin sahibinə 700, üçüncü yerə isə 300 manat pul verilib. Çempionatın sponsorlarından olan "Qold" şirkəti isə qaliblərə xüsusi hədiyyə verib.
Üçüncü yarış günündə yunan-Roma güləşi üzrə medalçılar müəyyənləşib.
60 kq çəki dərəcəsində Ayxan Cavadov ("Abşeron", DİN) birinci, Ziyad Zeynalov ("Neftçi") ikinci, Nihad Quluzadə və Murad Məmmədov hər ikisi ("Neftçi") üçüncü yeri tutublar.
67 kq-da Fərid Xəlilov (Sumqayıt-Təhsil, "Neftçi") qızıl medal, Məhəmməd Şükürzadə (MOİK, "Lənkəran") gümüş, Məhəmməd Qasımzadə (“Neftçi”) və Murad Əliyev (AHİTA) bürünc medal qazanıblar.
77 kq çəki dərəcəsində Sənan Süleymanov (“Neftçi”) qalib gəlib. Rəvan Nuriyev (Sumqayıt-Təhsil, “Neftçi”) ikinci, Nihad Məmmədli (DİN, ROİL) və Davud Məmmədov isə (Neftçi) üçüncü pillədə qərarlaşıblar.
87 kq-da İslam Abbasov ("Neftçi") birinci, Laçın Vəliyev (Neftçi) ikinci, Abdulla Həsənov (AHİTA) və Səid Axundzadə (Sumqayıt, Təhsil) üçüncü yeri tutublar.
130 kq çəki dərəcəsində Beka Kandelaki ("Neftçi") çempion olub, Sərxan Məmmədov ("Neftçi") ikinci, Məzaim Mərdanov və Ayxan Mərdanov (“Mywrestling”, "Şəmkir") üçüncü olublar.
Növbəti yarış günündə sərbəst güləş üzrə 57, 65, 74, 86 və 97 kq çəki dərəcəsində medalçılar bəlli olub.
57 kq-da Azərbaycan çempionu İslam Bazarqanov finalda Vasif Bağırova qalib gələrək çempion olub. Muhəmməd İsmayılov və Elman Ağayev bürünc medallara yiyələniblər.
65 kq-da Rəşid Babazadə Azərbaycan çempionu adını qazanıb. Finalda onun rəqibi Musa Ağayev olub. Bürünc medallara Əli Rəhimzadə və Murad Haqverdiyev sahib olublar.
74 kq-da Azərbaycan çempionu Turan Bayramovdur. O, finalda Ağanəzər Novruzovdan üstün olub. Bürünc medallara Nurlan Ağazadə və Musa Verdiyev sahib çıxıblar.
86 kq-da Arseniy Djioyev finalda Orxan Abasovu məğlub edib. Bürünc medallar Əşrəf Aşırov və Nəsib İsayevə qismət olub.
97 kq-da Maqomedxan Maqomedov Osman Nurmaqomedovu üstələyərək çempion adını qazanıb. Zəfər Əliyev və Abdulcəlil Şabanov isə bürünc medallarla kifayətləniblər.
Yarışın son günündə sərbəst güləş üzrə 61, 70, 79, 92 və 125 kq-da medalçılar müəyyənləşib.
Fotolar: Nadejda Cavad (AFB)
