XII Bakı Beynəlxalq Kitab Sərgisində Amira Süleymanın fotosərgisi nümayiş olunub
21 oktyabr 2026-cı il tarixində Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə XII Bakı Beynəlxalq Kitab Sərgisinin təntənəli açılış mərasimi keçirilib.
Açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin deputatları, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev, eləcə də ədəbiyyat, mədəniyyət və elm xadimləri, diplomatik korpusun nümayəndələri və ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Sərgi çərçivəsində Azərbaycan Fotoqrafları Birliyinin sədri Amira Süleymanın Neft Daşlarında çəkdiyi fotoşəkillərdən ibarət ekspozisiya da nümayiş olunub.
Fotoşəkillərdə Xəzər dənizinin qoynunda yerləşən, dünyanın ilk açıq dəniz neft platformaları məskənlərindən biri olan Neft Daşlarının özünəməxsus mənzərələri, sənaye infrastrukturu və dəniz üzərində qurulmuş unikal yaşayış mühiti əksini tapıb.
Amira Süleymanın foto əsərləri Neft Daşlarını yalnız sənaye obyekti kimi deyil, həm də Azərbaycanın neftçilik tarixinin, insan əməyinin və mühəndislik irsinin mühüm bir parçası kimi təqdim edir.
XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində bu fotoekspozisiyanın nümayişi ədəbiyyatla fotoqrafiya sənətinin bir mədəniyyət məkanında görüşünə, ölkəmizin tarixi və sənaye irsinin vizual sənət vasitəsilə tanıdılmasına töhfə verib.
