-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi bağlanış mərasimi baş tutub.
Tədbirdə çıxış edən BMT Baş katibinin müavini Amina Mohammed Bakıda WUF13-ə yüksək səviyyədə ev sahibliyi etdiklərinə, göstərdikləri qonaqpərvərlik və liderliyə görə Azərbaycan Hökumətinə və xalqına dərin minnətdarlığını bildirib: "Azərbaycan 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan edərək, çoxəsrlik ənənələrə hörmətlə yanaşmaqla yanaşı, yeni çağırışlara cavab verən mütərəqqi yanaşmalar inkişaf etdirib və urbanizmi qlobal müstəviyə qaldırıb".
WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev forumun təcrübəsini WUF14-ə hazırlıq prosesində bölüşməyə hazır olduqlarını qeyd edib: "WUF14-ə gedən yolda şəhərsalma gündəliyini irəli aparmaq və mənzil problemlərini işıqlandırmaq üçün əlimizdə daha bir mühüm platforma olacaq. Bu, Türkiyənin ev sahibliyi edəcəyi COP31-dir".
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13-ün rekord sayda iştirakçını bir araya gətirdiyini və güclü, vahid mesaj verdiyini vurğulayıb: "Biz mənzil təminatının gələcəyi üçün həlledici bir məqamdayıq. Artıq hərəkət vaxtıdır. Dünya cüzi tərəqqidən sistemli transformasiyaya doğru addımlamalıdır. Bakıdan verilən mesaj aydındır: növbəti onillik sürətləndirilmiş icra, genişmiqyaslı fəaliyyət və insanların həyatında ölçüləbilən müsbət təsirlərlə xarakterizə olunmalıdır".
Qambiyanın Banjul şəhərinin meri və “REFELA” Afrika şəbəkəsinin prezidenti Rohey Malick Lowe bildirib: “Bakıdan açıq şəkildə bəyan edirik ki, mənzil təminatı insan hüququ və demokratik bir vəzifədir. Universal, əlçatan və ədalətli ictimai xidmətlər olmadan ləyaqətli mənzil şəraiti mövcud ola bilməz. Yerli və regional hakimiyyətlərin hər gün daşıdıqları nəhəng məsuliyyətə uyğun səlahiyyətə, maliyyəyə və siyasi tanınmaya ehtiyacı var”.
Argentinanın Kordoba Milli Universitetinin professoru, Latın Amerikası Qadınlar və Mənzil Şəbəkəsinin həmtəsisçisi Ana Falu qadınların siyasət subyekti kimi nəzərə alınmamasının bərabərsizliyi daha da dərinləşdirdiyini qeyd edib: "Bu, xüsusilə qadınlara və onlardan asılı olanların həyatına təsir edən gərginliklər və ziddiyyətlər dünyasıdır. Buna görə də bu siyasəti təşviq etmək, qlobal miqyasları nəzərə alaraq hərtərəfli bir sistem qurmaq lazımdır".
UN-Habitat Gənclər Məsləhət Şurasının üzvü Jonathan Oriki Some bildirib ki, "Bakı Fəaliyyətə Çağırış” sənədi ehtiyac duyduğumuz transformativ dəyişikliyə yol göstərə biləcək praktik, əlçatan və aydın bir yol xəritəsi təqdim edir. Bu sənəd bizə xatırladır ki, fəaliyyətsiz vizyonlar nə ev, nə şəhər, nə də gələcək qura bilər.
“LUMANTI” Sığınacaq Dəstək Qrupunun və Asiya Mənzil Hüquqları Koalisiyasının icraçı direktoru Lajana Manandhar Azərbaycan Hökumətinə və xalqına səmimi qonaqpərvərliyə görə təşəkkür edərək, dünyanın ən gözəl şəhərlərindən biri olan Bakıda təhlükəsiz, dayanıqlı şəhərlər və icmaların təmin edilməsi mövzusunun uğurla müzakirə olunduğunu vurğulayıb.
Mexiko şəhərinin beynəlxalq əlaqələr üzrə baş koordinatoru Maria del Rosario Lombera Gonzalez şəhər hökuməti və Meksika nümayəndə heyəti adından WUF13-ün yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb. O, Bakının qonaqları böyük səxavət, istilik, əzəmət və heyranedici qətiyyətlə qarşıladığını bildirib. Göstərilən səylərin xüsusi təşəkkürə layiq olduğunu qeyd edən baş koordinator, bu çətin işin öhdəsindən Azərbaycan Hökumətinin nümunəvi şəkildə gəldiyini vurğulayıb.
Daha sonra Ümumdünya Şəhərsalba Forumunun növbəti sessiyasına sədrlik Azərbaycandan Meksikaya təhvil verilib.
Sonda UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasını bağlı elan edib.
Fotolar: Nadejda Cavad (AFB)
