-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 5-də Aşqabad şəhərində yerləşən Böyük Saparmurat Türkmənbaşı adına Türkmənistan Dövlət Təsviri Sənət Muzeyində “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı keçirilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Türkmənistan Dövlət Təsviri Sənət Muzeyinin direktoru İsmail Orazov, eləcə də mədəniyyət və incəsənət ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Sərgi çərçivəsində Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasına həsr edilmiş, ölkəmizin zəngin memarlıq irsini və tarixi abidələrini əks etdirən fotosərgi də təqdim olunub. Azərbaycan Fotoqrafları Birliyinin təşkilati dəstəyi ilə ərsəyə gələn ekspozisiyada Azərbaycanın müxtəlif bölgələrində yerləşən tarixi-mədəni abidələrin fotoları nümayiş etdirilib.
Azərbaycan Fotoqrafları Birliyinin sədri Amira Süleyman fotosərgidə təqdim olunan əsərlər barədə qonaqlara ətraflı məlumat verərək, Azərbaycan memarlıq irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılmasının əhəmiyyətini vurğulayıb.
Azərbaycanın milli-mədəni irsinin müxtəlif istiqamətlərini özündə birləşdirən sərgi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Fotosərginin növbəti günlərdə Türkmənistanın Arkadağ şəhərində nümayiş etdirilməsi nəzərdə tutulur.
Tədbir Azərbaycan və Türkmənistan arasında mədəni-humanitar əməkdaşlığın daha da genişlənməsinə, dostluq əlaqələrinin möhkəmlənməsinə və iki qardaş xalq arasında qarşılıqlı anlaşmanın inkişafına xidmət edir.
