• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş foto - mobiloqrafiya müsabiqəsi

Cəbrayıl, Qubadlı və Zəngilanda Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə Azərbaycan Fotoqrafları Birliyinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş foto - mobiloqrafiya müsabiqəsinə start verilib.

Müsabiqənin əsas məqsədi gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, onların foto sənətinə marağının artırılması, eyni zamanda Cəbrayıl şəhərinin yeni simasının geniş ictimaiyyətə təqdim edilməsidir. Layihə çərçivəsində şəhərin bərpa və yenidənqurma prosesinin, müasir memarlıq nümunələrinin və urbanistik inkişafın foto obyektiv vasitəsilə sənədləşdirilməsi, gələcək nəsillər üçün dəyərli foto arxivin formalaşdırılması hədəflənir.

Müsabiqə proqramına uyğun olaraq iştirakçılar tanınmış fotoqraflar və sahə üzrə peşəkar mütəxəssislər tərəfindən keçirilən təlimlərdə iştirak edirlər. Təlimlər zamanı fotoqrafiyanın texniki və yaradıcı tərəfləri, kompozisiya, işıqlandırma, vizual hekayəçilik kimi vacib mövzular əhatə olunur. Əldə etdikləri bilik və bacarıqlar əsasında iştirakçılar müəyyən olunmuş mövzu üzrə foto çəkilişlər həyata keçirirlər.

Çəkilmiş fotolar daha sonra peşəkar münsiflər heyətinə təqdim olunur. Münsiflər tərəfindən işlər mövzuya uyğunluq, bədii yanaşma, texniki keyfiyyət və ideya baxımından qiymətləndirilir və müsabiqənin qalibləri müəyyənləşdirilir.

Layihənin yekun mərhələsində seçilmiş ən yaxşı fotolardan ibarət sərgi təşkil olunacaq. Sərgi çərçivəsində qaliblər və fərqlənən iştirakçılar mükafatlandırılacaq, onların işləri geniş auditoriyaya təqdim ediləcək.

Bu cür təşəbbüslər regionlarda yaradıcı mühitin inkişafına, gənclərin foto sənətinə cəlb olunmasına və Azərbaycanın yenidən qurulan şəhərlərinin vizual salnaməsinin formalaşdırılmasına mühüm töhfə verir.