-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
9 dekabr 2025-ci il tarixində Qarabağ Dirçəliş Fondunun sifarişi ilə hazırlanmış “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” adlı innovativ kitab layihəsinin növbəti təqdimatı Bakı Kitab Mərkəzində baş tutub.
Tədbirdə dövlət və hökumət rəsmiləri, Fondun donor və tərəfdaşları, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi iştirakçıları, keçmiş məcburi köçkünlər, mina axtaranlar, yazıçılar, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Açılış nitqində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev kitabın hazırlanma prosesi, əhəmiyyəti və əsas mesajları barədə məlumat verib. Bildirilib ki, nəşr Qarabağın tarixini, işğal illərini, azad olunması mərhələsini, bərpa prosesini və gələcək inkişaf vizyonunu mətn, fotoşəkillər və rəsmi şəxslərin müsahibələri ilə əhatəli şəkildə təqdim edir. Kitabda həmçinin işğal dövrünü yaşamış insanların xatirələri də yer alır.
Tədbirdə çıxış edən Azərbaycanın sabiq Baş naziri, tanınmış ictimai-siyasi xadim Həsən Həsənov kitabın əhatəliliyini və elmi-sənədli dəyərini yüksək qiymətləndirib. O, müəllif Qrem Vilsonun Azərbaycana olan böyük sevgisinin bu layihənin keyfiyyətinə müsbət təsir etdiyini vurğulayıb.
Fərəhlə qeyd edirik ki, kitabda Azərbaycan Fotoqrafları Birliyinin arxivindən Elnur Babayev, Xalid Əsgərov, Oleq Litvin və Mirnaib Həsənoğlunun fotoşəkilləri də yer alıb.
Yaxın zamanda kitabın Azərbaycan dilinə və bir neçə xarici dilə tərcüməsi planlaşdırılır. Tədbir çərçivəsində nəşrdəki fotoşəkillər əsasında hazırlanan və Qarabağın bərpasını, müasir quruculuq proseslərini, təbiətini və nadir flora-faunasını əks etdirən “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi də təqdim olunub.
