-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
Neftçala Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Balıqçılıq və Akvakultura Mərkəzinin birgə təşkilatçılığı ilə Neftçala şəhərində Balıq Festivalı təşkil olunub.
Festivalın məqsədi bölgədə balıqçılıq sektorunun potensialını nümayiş etdirmək, yerli istehsalçıları dəstəkləmək, əhalinin bu sahəyə olan marağını artırmaq və akvakulturanın inkişafına töhfə vermək olub.
Tədbir çərçivəsində Neftçalanın son illər sürətlə artan turizm potensialı da geniş şəkildə təqdim edilib.
Festivalda əsrlərlə formalaşan balıqçılıq ənənələri xüsusi stendlərdə nümayiş etdirilib. Ziyarətçilərə Neftçalanın qədim balıqçılıq üsulları, dənizlə bağlı folklor nümunələri, balıqçılıqda istifadə olunan ənənəvi alətlər və bölgəyə məxsus balıq növləri haqqında ətraflı məlumat verilib.
Proqram çərçivəsində rəngarəng əl işləri, interaktiv fotozonalar, yaradıcılıq guşələri, müxtəlif müsabiqələr və ailəvi əyləncə zonaları, su idmanı yarışları, Kür çayında gəzintilər, canlı musiqi, dünya mətbəxlərinin nümunələri və xüsusi kulinariya təqdimatları da festival iştirakçılarına təqdim olunub. Bundan əlavə, kənd təsərrüfatı və balıqçılıq məhsullarının sərgi-satış yarmarkası təşkil edilib.
Fotolar: Cavid Rzayev
