• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

Milli Azərbaycan Tarixi Muzeyində “Zəfər ruhu” adlı fotosərgi açılıb

Milli Azərbaycan Tarixi Muzeyində 44 günlük Vətən Müharibəsində qazanılmış Böyük Qələbəyə həsr olunmuş “Zəfər ruhu” adlı fotosərginin açılış mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzeylər sektorunun müdiri Könül Cəfərova çıxışında qeyd edib ki, Zəfər Günü xalqımızın mübarizə əzmini, birliyini və Vətənə sədaqətini simvolizə edən ən qürurlu tarixlərdən biridir. O, bu kimi sərgilərin gənc nəsildə vətənpərvərlik hisslərinin gücləndirilməsi və Vətən Müharibəsinin tarixi əhəmiyyətinin təbliği baxımından mühüm rol oynadığını vurğulayıb.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı isə çıxışında bildirib ki, “Zəfər ruhu” sərgisi xalqımızın azadlıq və ədalət uğrunda apardığı mübarizənin, igid oğullarımızın qəhrəmanlığının və Müzəffər Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin rəmzidir. O, 2021-ci ildən etibarən Vətən Müharibəsinə həsr olunmuş silsilə sərgilərin təşkili təşəbbüsünə görə sərginin kuratoru, muzeyin əməkdaşı Mirnaib Həsənoğluna təşəkkürünü bildirib.

Azərbaycan Fotoqrafları Birliyinin təsisçisi, muzeyin fotoqrafı Mirnaib Həsənoğlu çıxışında qeyd edib ki, sərginin əsas məqsədi Vətən Müharibəsi dövründə xalqımızın qəhrəmanlığını, ordumuzun şücaətini və tarixi Qələbənin əhəmiyyətini sənədli fotoşəkillər vasitəsilə ictimaiyyətə təqdim etməkdir.

Sərgidə fotoqraflar Şahvələd Eyvazov, Nurəhməd Vəliyev, Oleq Litvin, İlqar Cəfərov, Kərəm Nəbiyev, Xalid Əsgərov, Əli Qafarov, Rafiq Bağırov, Fərqanə Qasımlı, Nurlan Tahirli, Nail Əhmədov, Kamran Əsədov, Vüqar İbadov, İlkin Səlifov, Fariz Əliyev, Araz Adiloğlu, Vüqar Əmrullayev, Famil MahmudbəyliMirnaib Həsənoğlu tərəfindən çəkilmiş fotolar nümayiş olunur.

Sərgi 10 gün davam edəcək və giriş sərbəstdir.