• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

“Mən Buradayam - I Am Here” fotosərgisi Bakı Fotoqrafiya Evində açıldı

24 oktyabr tarixində Bakı Fotoqrafiya Evində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) əcnəbi tələbə və məzunlarının fotoəsərlərindən ibarət “Mən Buradayam - I Am Here” adlı sərginin açılışı keçirilib.

Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsininAzərbaycan Fotoqrafları Birliyinin dəstəyi ilə təşkil olunub və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Təqdim olunan 30 fotoşəkil ADMİU-nun əcnəbi tələbələrinin Bakı, Gəncə, Quba, Şuşa, Ağdam və digər şəhərlərə səyahətləri zamanı çəkdikləri kadrlar vasitəsilə onların fərdi baxışlarını, təəssüratlarını və emosional dünyalarını əks etdirir. Əsərlər Azərbaycanın təbiət gözəlliklərini, tarixi-mədəni abidələrini və gündəlik həyatını əhatə etməklə yanaşı, müəlliflərin daxili hiss və düşüncələrini ifadə edən bədii yanaşma ilə seçilir.

Sərginin məqsədi əcnəbi tələbələrin mədəni inteqrasiyasını təşviq etmək, onların yeni mühitdə özlərini rahat və doğma hiss etməsinə şərait yaratmaq, eyni zamanda universitet və şəhər həyatının ayrılmaz bir hissəsi olduqlarını vurğulamaqdır. Bu təşəbbüs tələbə və məzunlar üçün özlərini, dünyagörüşlərini və perspektivlərini foto vasitəsilə ifadə etmək üçün unikal bir fürsət yaradır.

Sərgidə Türkiyə, Özbəkistan, Pakistan və Perudan olan tələbə və məzunların əsərləri nümayiş olunur. Hər bir iştirakçı ümumi konsept çərçivəsində mövzuya fərdi yanaşma sərgiləyərək fotonun vizual dili vasitəsilə öz bədii baxışını təqdim edib.

İştirakçılar:

  • Asude Yılmaz Mehmet (Türkiyə, Teatr sənəti fakültəsi, bakalavr, I kurs) – Bakı və Gəncənin müasir memarlıq və heykəltəraşlıq nümunələrini, gecə işıqları ilə dolu şəhər mənzərələrini təbiətin sakit atmosferi ilə qarşılaşdırır.

  • Ayzada Seytibaeva (Özbəkistan, Rəssamlıq fakültəsi, magistr, I kurs) – geyim dizaynı sahəsində ixtisaslaşır və sərgilərdə fəal iştirak edir. Onun fotoları Qarabağla bağlı xatirə və duyğular üzərində qurulub.

  • Wasif Bilguis Ahmed (Pakistan, Audiovizual sənətlər fakültəsi, magistr, I kurs) – Bakının xüsusilə İçərişəhər hissəsinə, onun abidələrinin detallarına, rəng və teksturalarına marağı ilə seçilir. Əsərlərində bu motivlər epik bədii yanaşma ilə təqdim olunur.

  • Fatima Florena Flores Vivar (Peru, Kulturologiya fakültəsi, magistr, məzun) – məzun olmasına baxmayaraq ADMİU ilə əlaqəsini davam etdirir. Onun təqdim etdiyi konsept Azərbaycanda müşahidə etdiyi tolerantlıq mühitindən ilhamlanıb. İçərişəhərin Gileyli məscidi və Bakı Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində çəkdiyi fotolarda maraqlı rakurslar, işıq-kölgə oyunları və dərin fəlsəfi yanaşma diqqət çəkir.