-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
23 oktyabr tarixində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Aleksandr Xakimovun “Kaпитан фотокамеры” adlı kitabının təqdimatı keçirilib. Nəşr vaxtsız dünyasını dəyişmiş fotoreportyor Samir Əliyevin xatirəsinə həsr olunub. Müəllif uzun illər birgə çalışdığı həmkarının fotoları, şəxsiyyəti və peşəkar fəaliyyəti ilə bağlı xatirələrini bu kitabda qələmə alıb.
Mərkəzin direktoru Anna İbrahimbəyova tədbir iştirakçılarını salamlayaraq Mərkəzin fəaliyyəti barədə məlumat verib. Tədbirin moderatoru Rüstəm Hüseynov Samir Əliyev haqqında xatirələrini bölüşməklə yanaşı, Azərbaycan Fotoqrafları Birliyi (AFB) və “İrs” jurnalının “Fotoqrafiya irsi” layihəsindən də bəhs edib, layihə çərçivəsində Samir barədə aparılmış araşdırmadan danışıb.
Aleksandr Xakimov çıxışı zamanı kitabın yaranma prosesi, eləcə də nəşrdə yer almayan bəzi xatirələr barədə tədbir iştirakçılarına maraqlı məlumatlar verib. Fotoqraf Tofiq Babayev həmkarı haqqında xoş xatirələrini bölüşərək Samirin fotoreportyor kimi peşəkarlığından danışıb.
AFB-nin təsisçisi Mirnaib Həsənoğlu Samir Əliyevin yaradıcılığının diqqətdən kənar qalmadığını vurğulayaraq onun işlərinin Fransada nəşr olunan “Eyes of Fire” kitabında da yer aldığını qeyd edib. Tədbirdə həmçinin Semyon Şalmeyev də öz təəssüratlarını bölüşüb.
Sonda müəllif Aleksandr Xakimov kitablarını imzalayaraq tədbir iştirakçılarına hədiyyə edib.
