-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkənin müxtəlif regionlarında uğurla həyata keçirilən və ictimaiyyət tərəfindən böyük maraqla qarşılanan səyyar sərgilər layihəsi davam etdirilir. Paytaxtla yanaşı bölgələrdə də mədəni mühitin zənginləşdirilməsi və incəsənətin təbliği məqsədi daşıyan bu silsilə tədbirlərin növbəti ünvanı Gəncə şəhəri olub.
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Həmrəyliyin rəngləri” adlı rəngkarlıq və fotoqrafiya sərgisi 23 dekabr tarixində Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində ictimaiyyətə təqdim edilib.
Sərgi azərbaycançılıq ideologiyasının əsasını təşkil edən birlik və həmrəyliyi, xalqımızın multikultural və tolerant dəyərlərini, eyni zamanda torpağa bağlılıq və milli qürur hisslərini əks etdirir.
Sərginin açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev və Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs sektorunun müdiri İntiqam Babayev çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.
Ekspozisiya iki əsas istiqaməti əhatə edir:
Fotoqrafiya:
Azərbaycan Fotoqrafları Birliyinin təşkilatçılığı ilə təqdim olunan bu bölmədə Birliyin üzvü olan peşəkar fotoqrafların əsərləri nümayiş etdirilib. Fotolarda azərbaycançılıq ideologiyasının əsas dəyərləri – birlik, həmrəylik, multikulturalizm, tolerantlıq, torpağa bağlılıq və milli qürur duyğuları əksini tapıb.
Rəngkarlıq:
Gənc rəssamların əsərlərindən ibarət bölmədə müəlliflər fərdi hekayələrini rənglərin dili ilə ifadə edərək, böyük birliyi formalaşdıran unikal məqamları sənətsevərlərin diqqətinə çatdırıblar.
Tədbirin bədii hissəsində Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri geniş konsert proqramı ilə çıxış edib. Sərgi iştirakçıları vizual sənət nümunələri ilə tanışlıqdan sonra milli musiqimizin canlı ifasından zövq almaq imkanı əldə ediblər.
