-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
Azerbaijan Railway Museum məkanında açılışı keçirilən “Green Train: Routes of Memory, Ecology, and Movement” adlı sərgi dəmir yolunu təkcə sənaye infrastrukturu kimi deyil, yaddaş, insan taleləri və zamanla dəyişən məkanların daşıyıcısı kimi təqdim edən çoxqatlı bədii layihə kimi diqqət çəkdi.
Sərginin ən mühüm tarixi və sənədli qatlarından biri Azərbaycan Fotoqrafları Birliyinin uzun illərdir üzvü olan fotoqraf Elnur Babayev tərəfindən təqdim edilən “Endless Station” (1994–1995) adlı foto silsilə oldu. Saatlı rayonunda çəkilmiş doqquz fotoşəkildən ibarət bu silsilə məcburi köçkünlərin illərlə stasionar qatar vaqonlarında yaşamasını sənədli və emosional dillə əks etdirir. Bu vaqonlar həmin dövrdə minlərlə insan üçün müvəqqəti sığınacaqla yanaşı, həyatın davam etdiyi “ev” anlayışına çevrilmişdi.
Elnur Babayevin fotoları sərgidə təkcə keçmişin vizual xatirəsi kimi deyil, həm də sosial yaddaşın qorunması baxımından mühüm sənədli material kimi təqdim olundu. Onun işi dəmir yolunu insan taleləri ilə birləşdirən simvolik məkana çevirərək, müasir tamaşaçıya 1990-cı illərin ağır reallıqlarını xatırladır.
Sərgi çərçivəsində Elnur Babayev, Tamira Ibrahim, Nigar Safarova və Sabina Shikhlinskaya ilə birlikdə Bakı–Pirşağı xətti boyunca unudulmuş mədəni irs nümunələrinə həsr olunmuş kollektiv instalyasiya ilə də çıxış edib. Bu instalyasiyada xüsusilə tarixi “Qum hamamı”na diqqət yetirilib.
“Green Train” sərgisində ümumilikdə Aytən Abdullayeva, Elnur Musayev, Fərid Rəsulov, Leyli Ələkbərova, Mehin Hüseynli, Rəşad Ələkbərov, Zaur Qəhrəmanov və Zərnişan Yusif də öz işləri ilə təmsil olunublar.
Sərgi dəmir yolunu yaddaş, hərəkət və ekoloji transformasiya prizmasından təqdim edərək, fərdi xatirələrlə kollektiv tarixi bir araya gətirən güclü vizual platforma kimi dəyərləndirilir. Bu kontekstdə Elnur Babayevin uzun illər əvvəl yaratdığı fotoşəkillərin bu gün də aktuallığını qoruması onun yaradıcılığının sənədli və tarixi əhəmiyyətini bir daha önə çıxarır.
