Gözdən uzaq, könülə yaxın şəhər: Neft Daşları - Fotoreportaj
İnsan elə yaranıb ki, bəzi ünvanlar onu özü çağırır. Neft Daşları mənim üçün uzun illər belə ünvanlardan biri idi. Xəritədə kiçik görünən, amma təxəyyüldə bütöv bir dünya qədər böyük olan bir məkan...
Deyirlər, arzularınızda ehtiyatlı olun, çünki onlar bir gün gerçəyə çevrilə bilər. Mənim də illərlə içimdə gəzdirdiyim arzu bir gün məni Xəzərin qoynunda salınmış möcüzələr şəhərinə – Neft Daşlarına gətirdi.
Bu səfərdə məqsədim təkcə dəmir estakadaları, platformaları və sonsuz Xəzəri lentə almaq deyildi. Mən burada yaşayan insanları, onların gündəlik həyatını, zəhmətini, həsrətini, sevincini və ən əsası, gördüyü işdən qürur duyan insanların təbəssümünü göstərmək istəyirdim.
Xəzərin ilk sınağı
Yolun iki saatdan çox çəkəcəyini bilmirdim. İlk saat maraqla keçdi, ikinci saatda isə Xəzər öz xarakterini göstərdi. Dalğalar sərtləşdi, gəmi yırğalandı, ürəyim də onlarla birlikdə dalğalanmağa başladı. Elə həmin an anladım ki, Xəzər hər gələn qonağı əvvəlcə sınaqdan keçirir.
Nəhayət, Neft Daşlarına çatdıq. Sovet dövründən qalan binalardan birində yerləşdik. Bu divarlar onilliklər ərzində minlərlə neftçinin, mühəndisin və qonağın həyatına şahidlik edib.
Axşam yeməyində isə Neft Daşlarının başqa bir simasını gördüm. Burada insanlar səni ilk dəfə görsələr də, sanki illərdir tanıyırlarmış kimi qarşılayırlar. Hər suala səbirlə cavab verir, hər addımda kömək etməyə çalışırlar. Bir neçə saat keçməmiş özümü artıq qonaq deyil, bu şəhərin kiçik bir sakini kimi hiss edirdim.
Dənizin üzərində salınmış şəhər
Sonra şəhəri gəzməyə çıxdım.
Əslində "küçə" demək bir qədər qəribə səslənir. Burada küçələr yox, dənizin üzərində uzanan dəmir yollar var. Onlar kilometrlərlə davam edərək platformaları bir-birinə bağlayır.
1949-cu ildə əsası qoyulan Neft Daşları təkcə dünyanın ilk dəniz neft şəhəri deyil, həm də Azərbaycan mühəndisliyinin, geologiyasının və insan iradəsinin ən möhtəşəm nümunələrindən biridir. Bu şəhərin salınmasında əməyi olan yüzlərlə neftçi və mühəndisin fədakarlığı bu gün də hər platformada hiss olunur. Onlardan biri – Neft Daşlarının tarixində xüsusi yeri olan Ağa Qurban oğlu Əliyevin adı bu gün də böyük hörmətlə xatırlanır.
Dənizin ortasında yaşıl möcüzə
Məni ən çox təəccübləndirən mənzərələrdən biri isə dənizin ortasında gördüyüm yaşıllıq oldu.
Ağaclar...
Güllər...
Kiçik bağlar...
Sonradan öyrəndim ki, ilk neftçilər hər dəfə qurudan qayıdanda ciblərində bir ovuc torpaq gətirirmişlər. Əvvəl otaqlarında dibçəklərə gül əkiblər, sonra isə platformalarda ağaclar yetişdiriblər.
Dənizin ortasında bir ovuc torpaqdan həyat yaratmaq...
Bəlkə də Neft Daşlarının ən böyük möcüzəsi məhz budur. Burada insanlar yalnız neft hasil etməyiblər. Onlar suyun üzərində bir şəhər, bir həyat qurublar.
Günəşin doğduğu an
İlk axşam mənə dedilər:
"Sabah günəşin doğuşunu mütləq izlə."
Həyəcanımdan demək olar ki, yata bilmədim.
Səhər saat beşdə estakadaya çıxdım. Ətraf tam sakit idi. Dalğalar dəmir dayaqlara dəyərək qəribə bir musiqi yaradırdı.
Sonra üfüqdə nazik narıncı bir xətt göründü.
Və günəş yavaş-yavaş Xəzərin sinəsindən doğmağa başladı.
O an zaman dayanmışdı.
İnsanlar işə tələsirdi, mən isə gözlərimi o mənzərədən çəkə bilmirdim. Mənə elə gəldi ki, burada günəş sadəcə yeni bir gün gətirmir. O, insanlara yenidən yaşamaq həvəsi, ümid və inam gətirir.
Bəlkə də elə buna görə səfərin sonuna qədər hər səhər saat beşdə oyanmağa başladım.
Bu şəhərin ilk sakinləri
Səfər zamanı öyrəndim ki, Neft Daşlarının təməlində yeddi batırılmış gəmi dayanır.
1950-ci illərdə ilk neftçilər həmin gəmilərdə yaşayır, işləyir, sonradan isə onlar dalğaqıran kimi istifadə olunurdu.
Deməli, bu şəhərin ilk küçələri, ilk yataqxanaları, ilk evləri elə həmin gəmilər olub.
Bu şəhərin bünövrəsində yalnız dəmir deyil, insan əzmi və dənizlə qurulan dostluq dayanır.
Ən ağır yük.
Helikopter meydançasında dayanarkən gənc neftçilərdən biri uzaqda balıq tutan qayığa baxıb sakit səslə dedi:
"Xoşbəxt adamdır... Balığını tutacaq, axşam evinə gedəcək..."
Bu, səfər boyu eşitdiyim ən təsirli cümlə idi.
Həmin an başa düşdüm ki, burada ən ağır yük neft deyil.
Həsrətdir.
Burada ailə ilə iş arasında görünməyən, amma çox möhkəm bir səbr körpüsü var.
Neft Daşlarının əsl sərvəti
Ən çox yaddaşıma qalan isə insanlar oldu.
Burada gənclərin çoxluğu sevindirirdi. Deməli, bu böyük məktəbin davamçıları var. Yaşlı neftçilərin isə bəzisi ömrünün otuz-qırx ilini bu platformalarda keçirib. Amma üzlərində yorğunluqdan çox təbəssüm görünür.
Çörək sexində tanış olduğum Elçin bəy bunun ən gözəl nümunəsi idi.
O, artıq 34 ildir Neft Daşlarında çalışır.
Sobadan yenicə çıxmış isti çörək kimi ürəyi də isti, sözü də isti idi. Onunla söhbət etdikcə hiss edirdim ki, insan bəzən ömrünü bir məkana sərf etmir. Əksinə, həmin məkan onun ömrünün ayrılmaz hissəsinə çevrilir.
Təzə bişmiş çörəyin qoxusu, dəmlənmiş çayın ətri, Xəzərin duzlu küləyi və insanların səmimiyyəti mənimlə birlikdə geri qayıtdı.
Mən Neft Daşlarından yalnız fotoşəkillərlə yox, xatirələrlə, duyğularla və böyük hörmət hissi ilə ayrıldım.
Bəzən şəhərlər yaddaşımızda memarlığı ilə qalır, bəzən küçələri ilə.
Mən isə Neft Daşlarını insanları ilə xatırlayacağam.
Çünki Xəzərin ortasında ucaldılmış ən böyük möcüzə platformalar deyil.
Ən böyük möcüzə, dənizin bütün sərtliyinə rəğmən burada yaşamağı, işləməyi, yaratmağı və gülümsəməyi bacaran insanlardır.
Neft Daşları – gözdən uzaq olsa da, könülə həmişə yaxın qalan şəhərdir.
Fotoreportaj: Amira Süleyman (AFB)
