Eltac Zeynalovun “40 YAŞ” Xatirə Sərgisi Yekunlaşdı!
Fotoqraf Eltac Zeynalovun 40 illik yubileyinə həsr olunmuş “40 YAŞ” adlı xatirə sərgisi uğurla başa çatdı.
Sərgidə mərhum müəllifin zəngin yaradıcılığını, fərqli illərdə lentə aldığı maraqlı anları və bədii fotosessiyalarını əks etdirən fotolar nümayiş olundu. Tədbir çərçivəsində Azərbaycan Fotoqrafları Birliyinin təsisçisi Mirnaib Həsənoğlu çıxış edərək Eltac Zeynalovun sənət yolundan və fotoqrafiya irsinə verdiyi töhfələrdən danışdı.
Xüsusi kövrək və təsirli anlarla yadda qalan tədbirdə mərhum fotoqrafın anası və dünyaca tanınmış fotoqraf Reza Deqati də iştirak edərək Eltac Zeynalovun xatirəsini ehtiramla yad etdilər. Sənətkarın sənət dostları, yaxınları və fotoqrafiya həvəskarları bir araya gələrək onun irsini bir daha anmış oldular.
Bu özəl gündə sənətkarın xatirəsinə dəyər verən və sərgini ziyarət edən hər kəsə dərin təşəkkürümüzü bildiririk. Eltac Zeynalovun obyektivindən tarixə köçən anlar onun sənətini hər zaman yaşadacaq.
İşıqlar içində yat, dəyərli sənətkar!
