-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
Cəbrayıl şəhərində “Zəfərin 5-ci ili: Böyük Qayıdışın addımları” fotosərgisi və “Bura mənim evimdir” filminin təqdimatı keçirilib
Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına tam orta məktəbdə “Zəfərin 5-ci ili: Böyük Qayıdışın addımları” adlı fotosərgi və “Bura mənim evimdir” sənədli filminin təqdimatı baş tutub. Tədbir Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Azərbaycan Fotoqrafları Birliyinin təşkilatçılığı və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə reallaşdırılıb.
Tədbir iştirakçıları əvvəlcə Böyük Qayıdış prosesinin simvolik məzmununu və işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini əks etdirən fotoşəkillərlə tanış olublar. Sərgidə təqdim edilən əsərlər azad torpaqlara həyatın qayıdışını və insanların doğma yurda dönüş sevincini sənət vasitəsilə nümayiş etdirib.
Daha sonra Dövlət Komitəsinin istehsalı olan “Bura mənim evimdir” sənədli filmi nümayiş olunub. Film ABŞ-ın Nyu-Cersi ştatında doğulsa da, ürəyi həmişə babasının yurdu – Cəbrayıl rayonunun Süleymanlı kəndi ilə bağlı olan Ceyhun Qarabağlının hekayəsini və onun doğma torpaqlara qayıdış səfərini əks etdirir.
Çıxış edənlər, o cümlədən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentin xüsusi nümayəndəliyinin rəsmisi Aqil Qurbanov, Azərbaycan Fotoqrafları Birliyinin təsisçisi Mirnaib Həsənoğlu və Birliyin sədri Amira Süleyman Böyük Qayıdış proqramının əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, azad edilmiş ərazilərdə vətəndaşların təhlükəsiz və rahat həyat şəraitinə qayıdışı, həmçinin iqtisadi fəaliyyətə reinteqrasiya imkanlarının yaradılması Azərbaycanın ən böyük uğurlarındandır.
Tədbir çərçivəsində Azərbaycan Fotoqrafları Birliyinin təsisçisi Mirnaib Həsənoğlu və Birliyin sədri Amira Süleyman fotoqrafiya sahəsindəki uğurlu fəaliyyətləri və “Zəfərin 5-ci ili: Böyük Qayıdışın addımları” adlı beynəlxalq fotomüsabiqədə göstərdikləri dəstəyə görə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təşəkkürnamə ilə təltif ediliblər. Təltif zamanı qeyd olunub ki, M.Həsənoğlunun və A.Süleymanın fotoqrafiya sahəsindəki təşəbbüsləri, peşəkarlıqları və sənədli foto janrının inkişafına verdikləri töhfələr yüksək qiymətləndirilir.
Sərgidə Araz Adiloğlu, Alp Ər-Tunqa Cabbarlı, Arif Ələkbər, Azər Ağayev, Cavid Rzayev, Elman Hüseynov, Elnur Niftəliyev, Elvin Abdulla, Fərid Cəfərzadə, Fidan Cəfərova, Xəyal Vəlizadə, İbrahim Kaya, İlham Mustafayev, Nurlan Tahirli, Orxan Cəbrayılov, Rəsul Rəhimov, Rüfət Quliyev, Sabi Mayemerov, Şəbnəm Uğurlu, Tahir Ağaməmmədov, Tapdıq Abdullayev, Vüqar İbadov və digər fotoqrafların fotoları yer alıb.
Tədbirdə Dövlət Komitəsinin yanında fəaliyyət göstərən İctimai Şura üzvləri, eləcə də Cəbrayıl şəhərinin sakinləri iştirak ediblər.
Qeyd edək ki, Dövlət Komitəsinin dəstəyi ilə hazırlanmış “Bura mənim evimdir” sənədli filmi Türkiyənin İzmir şəhərində keçirilən 10-cu Beynəlxalq Ege Art Qısa Film Festivalında mükafata layiq görülüb.
