Azərbaycan 7 medalla tarix yazdı - Fotolar
4–11 oktyabr 2026-cı il tarixlərində Bakının Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatı tarixi nəticələr, gərgin qarşılaşmalar və unudulmaz qələbələrlə yadda qaldı.
93 ölkədən 622 cüdoçunun mübarizə apardığı mundialda Azərbaycan millisi 1 qızıl, 2 gümüş və 4 bürünc olmaqla ümumilikdə 7 medal qazandı. Bu, Azərbaycan cüdosunun dünya çempionatları tarixində bir yarışda əldə etdiyi ən yüksək medal göstəricisi oldu. Yığmamız fərdi yarışların ümumi medal sıralamasında üçüncü yeri tutdu.
Çempionatın ən yaddaqalan hadisələrindən biri Əhməd Yusifovun tarixi qələbəsi idi. 60 kq çəki dərəcəsində yarışan təmsilçimiz finalda qazaxıstanlı Şerzod Davlatovu məğlub edərək dünya çempionu oldu. Yusifov Azərbaycanın bu çəki dərəcəsində ilk dünya çempionu kimi tarixə düşdü.
Azərbaycan millisinin digər uğurlarına Zelim Tsxayev (81 kq) və Uşangi Kokaurinin (+100 kq) gümüş medalları əlavə olundu. Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medal qazandılar. Nəsibovun böyüklər arasında ilk dünya çempionatındaca medal əldə etməsi xüsusi diqqət çəkdi.
Medal sıralamasında Yaponiya 7 qızıl, 2 gümüş və 3 bürünc medalla lider oldu. Gürcüstan 2 qızıl, 1 gümüş və 1 bürünclə ikinci, Azərbaycan isə 1 qızıl, 2 gümüş və 4 bürünclə üçüncü pillədə qərarlaşdı. Yaponiya 14 fərdi dünya çempionluğu titulunun yarısını qazandı.
Turnir digər tarixi məqamlarla da yadda qaldı. Yaponiyalı bacı-qardaş Uta və Hifumi Abe yenidən dünya çempionu oldular. Gürcüstanlı Tato Qriqalaşvili dördüncü dünya titulunu qazandı, Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Yelizaveta Litvinenko isə ölkəsinə cüdo tarixində ilk dünya çempionluğunu gətirdi.
Oktyabrın 11-də keçirilən qarışıq komanda yarışında Yaponiya finalda Rusiya yığmasını 4:1 hesabı ilə məğlub edərək çempionluğu qazandı. Azərbaycan komandası Avstriya üzərində 4:0 hesablı qələbə qazansa da, növbəti mərhələdə Yaponiyaya uduzaraq komanda yarışını medalsız başa vurdu.
Bakı-2026 təkcə idman nəticələri ilə deyil, möhtəşəm atışlar, dramatik finallar, qələbə sevincləri və idmançılar arasındakı qarşılıqlı hörmətlə də yadda qaldı. Paytaxtımız səkkiz gün ərzində dünya cüdosunun əsas mərkəzinə çevrildi.
Fotolar: Cəbrayıl Usubov (AFB)
