-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
22 yanvar 2026-cı il tarixində Kaspi Ağ Şəhər Liseyində Azərbaycan xalqının müasir tarixində xüsusi yer tutan 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə “Azadlığa açılan gecə” adlı elmi-maarifləndirici və ictimai-mənəvi əhəmiyyətə malik tədbir təşkil edilmişdir. Tədbirin əsas məqsədi 1990-cı ilin yanvar hadisələrinin tarixi, siyasi və mənəvi mahiyyətini gənc nəslə elmi əsaslarla çatdırmaq, milli azadlıq ideyalarının formalaşmasında bu faciənin rolunu dərindən dərk etdirmək olmuşdur.
Tədbir Kaspi Təhsil Şirkətinin təsisçisi, filologiya elmləri doktoru Sona xanım Vəliyevanın açılış nitqi ilə başlamışdır. Açılış çıxışında 20 Yanvar hadisələrinin Azərbaycan xalqının milli özünüdərk prosesində mühüm mərhələ olduğu, bu faciənin eyni zamanda müstəqillik yolunda göstərilən tarixi qətiyyət və fədakarlığın bariz nümunəsi kimi qiymətləndirildiyi elmi faktlar və tarixi reallıqlar əsasında diqqətə çatdırılmışdır. Sona xanım Vəliyeva gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşdırılmasında bu cür tədbirlərin əvəzsiz rol oynadığını xüsusi vurğulamışdır.
Tədbir çərçivəsində 20 Yanvar faciəsini əks etdirən ədəbi-bədii kompozisiyalar, səhnəciklər və musiqi nömrələri ilə yanaşı, həmin günlərin faciəvi ruhunu və azadlıq mübarizəsinin ideya-mənəvi mahiyyətini əks etdirən rəsm sərgisi də nümayiş etdirilmişdir. Sərgidə təqdim olunan əsərlər tarixi hadisələrin bədii-estetik baxımdan interpretasiyası kimi xüsusi maraq doğurmuşdur.
Görüşdə həmçinin Azərbaycan Fotoqrafları Birliyinin təsisçisi Mirnaib Həsənoğlu da iştirak etmişdir. O, 1990-cı il 20 Yanvar hadisələri ilə bağlı şəxsi xatirə və təəssüratlarını tədbir iştirakçıları ilə bölüşmüş, həmin günlərin Azərbaycan xalqı üçün nə qədər ağrılı və sarsıdıcı olduğunu vurğulamışdır. Eyni zamanda Mirnaib Həsənoğlu tədbir çərçivəsində nümayiş etdirilən rəsm sərgisini yüksək qiymətləndirmiş, gənclərin tarixi hadisələrə bədii yanaşmasını milli yaddaşın qorunması baxımından mühüm amil kimi dəyərləndirmişdir.
Ümumilikdə, “Azadlığa açılan gecə” adlı tədbir elmi-maarifləndirici və ictimai-mənəvi baxımdan yüksək əhəmiyyət kəsb etmiş, 20 Yanvar faciəsinin Azərbaycan xalqının milli azadlıq mübarizəsində tutduğu müstəsna yerin gənc nəslin yaddaşında möhkəmlənməsinə xidmət etmişdir.
