-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
Azərbaycan Fotoqrafları Birliyinin İdarə Heyətinin üzvü, fotoqraf Aydın Mehdiyevin İtaliyanın paytaxtı Romada “Stone Guardians of Azerbaijan” adlı fərdi fotosərgisi açılıb.
Sərgi 2026-cı il mayın 29-dan iyunun 4-dək Medina Art Gallery Roma-da nümayiş olunur. Ekspozisiya Palazzo Mandrilli təşkilatçılığı ilə Via Angelo Poliziano 4-6 ünvanında yerləşən qalereyada təqdim edilir. Sərginin açılış mərasimi mayın 29-da saat 18:00-da baş tutub.
“Stone Guardians of Azerbaijan” layihəsi Azərbaycanın təbiət mənzərələrində zamanın, küləyin və torpağın yaddaşının formalaşdırdığı daş fiqurlara həsr olunub. Bu fotolarda insan müdaxiləsi olmadan yaranmış təbii formalar bəzən qoruyucu siluetləri, mələk obrazlarını və sirli varlıqları xatırladır. Layihə tamaşaçını təbiətin yaratdığı bu formalarla düşüncəli dialoqa dəvət edir.
Sərginin konsepsiyasında pareydoliya, yəni insanın abstrakt formalar içində tanış obrazlar görmək meyli əsas yaradıcı istiqamətlərdən biri kimi təqdim olunur. Müəllif bu yanaşma vasitəsilə təbiətə sadəcə fon kimi deyil, öz obrazlarını yaradan müstəqil müəllif kimi baxmağı təklif edir. “Stone Guardians of Azerbaijan” Azərbaycanın çoxqatlı mədəni irsini təbiətin yaratdığı ilkin, arxaik və simvolik formalar vasitəsilə təqdim edir.
Aydın Mehdiyev texnika elmləri doktoru, Gömrük Xidməti polkovniki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika kafedrasının professorudur. O, həmçinin 2025-ci ilin aprelində Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyası tərəfindən “Titan” tituluna layiq görülüb.
Azərbaycan Fotoqrafları Birliyi Aydın Mehdiyevi beynəlxalq səviyyədə baş tutan bu yaradıcılıq hadisəsi münasibətilə təbrik edir, ona yeni uğurlar və davamlı yaradıcılıq nailiyyətləri arzulayır.
