-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
1918-ci ilin sonundan 1919-cu ilin avqustuna kimi Bakıda ingilis general-qubernatorluğu vardı. Həmin dövrdə paytaxtımızda AXC qoşunları yox idi. Onlar Gəncədə yerləşmişdilər. 1919-cu ilin 5 aprelində AXC ordusunun ilk bölüyü Bakıya daxil oldu. Bu hadisə o vaxtı bayram kimi qəbul edilmişdi. Şəhər üçrəngli bayraq və xalçalarla bəzədilmişdi. İstiqlaliyyət küçəsində hərbi parad təşkil edilmişdi. Məhəmməd Əmin Rəsulzadə “Azərbaycan” qəzetinin 7 aprel 1919-cu il tarixli 151-ci sayında “Milli bir gün” başlıqlı məqalə yazmışdı. O, qeyd edir ki, böyük-kiçik, oğul-uşaq, kişi-arvad hər kəs küçələrdə idi. Damların üstü belə qadınlarla dolu idi. Rəsulzadə məqaləni belə bitirmişdi: ”Ordumuzun gəlməsi ilə qabaran hissiyyatımızı ifadə üçün xalqın bir ağızdan söylədigi sözə biz də iştirak edəlim: Yaşasın ordumuz!”
Qəzet bundan savayı parad barədə böyük bir məqalə də yazmışdı. Məqalədə ordumuzun Bakıya daxil olmasına insanların münasibəti sadə dillə təsvir edilib: ”...xalq ağlayır, bir-birini öpür, “Bayramın mübarək!”, “Gözlərin aydın!” deyirdi. Xalq ordunu mümkün olsaydı, bağrına basacaqdı, duz kimi yalayacaqdı”.
Qəzet yazır ki, paradda dövlət rəsmiləri ilə yanaşı Hacı Zeynalabdin Tağıyev də iştirak edirdi.
“Azərbaycan” qəzetinin 7 aprel 1919-cu il tarixli sayında bir elan da diqqətimi cəlb etdi. Elanın müəllifi paradı tarixin yaddaşına həkk edən fotoqrafdır. O qeyd edir ki, Azərbaycan qoşunlarının təntənəli bir surətdə şəhərə daxil olmaları münasibətilə çəkilmiş şəkilləri satır. Potensial alıcılar indiki İstiqlaliyyət küçəsindəki “İsmailiyyə” sarayı ilə üzbəüz yerləşmiş məkana dəvət edilirdi. Maraqlıdır ki, həmin şəkillər o vaxtı “Xitrin” adlanan aptek mağazasında satılırdı.
Mənbə: “Azərbaycan” qəzeti. 7 aprel 1919-cu il tarixli, 151-ci sayı
https://www.ada.edu.az/file_upload/publications/azerbaijannewspaper/file7.pdf - səh. 81-94
