• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

Amerikalı və azərbaycanlı fotoqraflar birgə art-eksperiment təqdim edəcəklər

İyunun 5-i saat 19:00-da Bakı Fotoqrafiya Mərkəzində “Heç nədən yaranan kamera” (Camera out of nothing) adlı unikal beynəlxalq sərginin açılışı baş tutacaq. Layihə analoq fotoqrafiyanın tanınmış dünya ustaları ilə yerli tədqiqat xarakterli art-eksperimentin nəticələri arasında vizual dialoq quraraq, Azərbaycan və ABŞ-dan olan müəllifləri bir araya gətirəcək.

Qeyd edək ki, ekspozisiya pinhol (pinhole) fotoqrafiyası prizmasından şəhər mühitinin və insan təcrübəsinin dərin araşdırılmasıdır. Bu, obyektivdən istifadə etmədən, işığın kiçik bir dəlik vasitəsilə birbaşa işığahəssas səthə layihələndirildiyi bir təsvir alma üsuludur.

Ekspozisiyanın Amerika hissəsində eksperimental fotoqrafiyanın tanınmış ustalarının kult seriyaları təqdim olunacaq: Edvard Levinsonun “Japanese Cityscapes”, Stefan Killenin “New York City” və Ceff Makkonnelin “Street Life” seriyaları. Azərbaycan tərəfindən isə Emin Mazers və Kamil Quliyev də daxil olmaqla, tanınmış yerli müəlliflər öz konseptual əsərlərini nümayiş etdirəcəklər.

Bakı Fotoqrafiya Mərkəzinin xüsusi təhsil proqramı məzunlarının işləri də ekspozisiyanın mühüm hissəsini təşkil edəcək.

Yeri gəlmişkən, bu yaxınlarda mərkəzdə intensiv vörkşop (emalatxanalar) keçirilib: mayın 10-dan 17-dək iştirakçılar işlək kamera-obskuraları öz əlləri ilə yığıb və onların obyektivi vasitəsilə Bakını araşdırmağa və yenidən mənalandırmağa yollanıblar. Paytaxtın əldə olunan arxiv və fakturalı fotoları beynəlxalq ustadların əsərləri ilə yanaşı, mərkəzin zallarında tamhüquqlu yer tutacaq.

Sərgiyə giriş sərbəstdir, lakin iştirak üçün rəsmi saytda öncədən qeydiyyatdan keçmək mütləqdir.