-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
3–16 aprel 2026-cı il tarixlərində Belarusun Mogilyov şəhərində IX "Ənənəvi Mədəniyyət - Cəmiyyətin Davamlı İnkişafı üçün Strateji Resurs Kimi" Beynəlxalq Forumu uğurla keçirildi.
Forumun çərçivəsində "Xalq Sənətinin Mədəni İrsin və Mədəniyyətlərarası Dialoqun Formalaşmasında Rolü" mövzusunda beynəlxalq elmi-praktik konfrans da təşkil edildi. Konfransın ilk günü,14 aprel tarixində, texnika elmləri doktoru, Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Mexanika" kafedrasının professor əvəzi, Azərbaycan Fotoqrafları Birliyinin idarə heyətinin üzvü Aydın İmran oğlu Mehdiyev "Vəhdətin Məna və Ritmlərinin Memarlığı: Ənənəvi Mədəniyyət Sosial Sabitliyin Resursu Kimi" mövzusunda məruzə ilə çıxış etdi. Məruzə iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
Aprelin 15-də Aydın Mehdiyev Mogilyovun "Raduqa" ("Göy qurşağı") Xalq Fotoqrafiya Klubunun üzvləri ilə görüşdü. Görüşün təşkilinə Azərbaycan Fotoqrafları Birliyinin həmtəsisçisi Mirnaib Həsənoğlu ilə Belarus Fotoqrafları Birliyinin sədri Vladislav Ruta öncədən razılıq vermişdilər. Görüş mehriban, səmimi və əməkdaşlıq ruhunda keçdi.
Fotoqrafiya həmkarları ilə söhbət zamanı Aydın Mehdiyev konfransdakı məruzəsini illüstrasiya edən Azərbaycan memarlıq abidələrinin görüntülərini təqdim etdi. O həmçinin 2025-ci ilin aprel ayında Qazaxstanın Almatı şəhərində və sentyabr ayında İtaliyanın Kassino şəhərində keçirdiyi sərgilər haqqında danışdı, həmin fotomaterialların nə vaxt, hansı şəraitdə və hansı məqsədlə çəkildiyini izah etdi. Hər iki sərgi tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdı.
Görüş zamanı tərəflər fotoqrafiyanın 200 illiyini Belarusda və Azərbaycanda birgə qeyd etmək məqsədilə yaxın gələcəkdə ortaq sərgilər keçirmək imkanlarını müzakirə etdilər. Bundan əlavə, müasir fotoqrafiyanın aktual problemləri və inkişaf perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparıldı.
