Aytac Abdulhüseynli
Mən, Aytac Abdulhüseynli, 27 sentyabr 2005-ci ildə Şəki şəhərində anadan olmuşam. Təbiətlə iç-içə keçən uşaqlıq illərim məndə ətrafımdakı gözəllikləri fərqli bucaqdan görmək və onları yadda saxlamaq istəyi yaradıb. Məhz bu maraq məni fotoqrafiya ilə tanış edib və zaman keçdikcə fotoqrafiya həyatımın ayrılmaz hissəsinə çevrilib. Hazırda memarlıq təhsili alıram. Memarlıq mənə məkanları, formaları, işıq-kölgə münasibətlərini və kompozisiyanı daha dərindən dərk etməyi öyrədib. Bu baxış tərzi fotoqrafiyaya da əhəmiyyətli dərəcədə təsir göstərərək kadrlarıma özünəməxsus yanaşma qazandırıb. Ən çox mənzərə və memarlıq fotoqrafiyasına maraq göstərirəm. Mənim üçün foto sadəcə bir görüntü deyil, müəyyən bir anın, hissin və hekayənin qorunub saxlanılmasıdır. Hər kadrda təbiətin, insanın və məkanın harmoniyasını əks etdirməyə çalışıram. Henri Cartier-Bressonun dediyi kimi: “Fotoqrafiya ilə maraqlanmıram. Mən sadəcə reallığın kiçik bir hissəsini çəkmək istəyirəm”. Mən də obyektivim vasitəsilə reallığın mənə təsir edən anlarını və gözəlliklərini paylaşmağa çalışıram.
