Startda Azərbaycan güləşçiləri fantastik idilər və məhz pəhləvanlarının sayəsində yerli komanda ilk günlər yarış cədvəlinə başçılıq etdi. Amma idman növlərinin əhatə dairəsi genişləndikcə vəziyyət Rusiya atletlərinin xeyrinə dəyişdi və onlar əldə etdikləri zirvəni qoruyaraq Bakı Festivalını qalib bitirdilər.
Yekun cədvələ nəzər yetirdikdə görürük ki, Rusiya idmançıları bütün göstəricilərdə liderdirlər – ən çox qızıl medal da onların hesabındadır, ən çox ikincilik və üçüncülük də və təbii ki, mükafatların ümumi sayında da – 28 qızıl, 17 gümüş, 21 bürünc, cəmi 66 medal.
İlk üçlükdə qərarlaşan Böyük Britaniya və Türkiyə idmançıları hərəyə 11 çempionluq sevinci yaşayıblar, amma Dumanlı Albion təmsilçilərində gümüşün sayı çox olduğundan 2-ci pillədə məhz onları görürük. Fəxri kürsünün qızıl pilləsinə 10 dəfə yüksəlmiş Azərbaycan komandası isə mübarizəni 4-cü pillədə tamamladı.
66 medalla ümumi sayda lider olan Rusiyanı 28 dəfə fəxri kürsüdə yer almış Fransa izləyir, ilk üçlüyü isə 27 mükafatla Türkiyə komandası qapayır. Hesabında 23 medal olan Azərbaycan 8-ci mövqedə qərarlaşdı.

Leave a Reply