-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
Azərbaycan Fotoqrafları Birliyinin (AFB) İdarə heyətinin üzvü, fotoqraf Aydın Mehdiyevin fərdi sərgisi İtaliyanın paytaxtı Roma şəhərində keçiriləcək.
“The Stone Guardians of Azerbaijan” (“Azərbaycanın Daş Keşikçiləri”) adlı sərgi 29 may – 4 iyun 2026-cı il tarixlərində Medina Art Gallery məkanında sənətsevərlərə təqdim olunacaq. Sərginin açılışı 29 may saat 18:00-da baş tutacaq.
Layihə Gallery Palazzo Mandrilli tərəfindən təşkil olunur.
Sərgidə təqdim olunacaq fotolar Azərbaycanın unikal təbii landşaftlarını, xüsusilə də minilliklər ərzində formalaşmış qaya strukturlarını, daş abidələri və təbiətin yaratdığı monumental kompozisiyaları əks etdirir. Müəllif bu əsərlərində daşların “canlı yaddaş daşıyıcısı” kimi çıxış etdiyini vurğulayır və onları sanki zamanın keşikçiləri kimi təqdim edir.
Aydın Mehdiyevin obyektivindən təqdim olunan vizual hekayələrdə həm estetik gözəllik, həm də dərin fəlsəfi məna ön plana çıxır. Fotoqrafın yanaşması yalnız sənədli təsvirlə kifayətlənmir, eyni zamanda tamaşaçını Azərbaycanın təbii irsi üzərində düşünməyə, bu “səssiz şahidlər”in daşıdığı tarix və enerji ilə bağ qurmağa dəvət edir.
Qeyd edək ki, Aydın Mehdiyev uzun illərdir fotoqrafiya sahəsində fəaliyyət göstərir və onun işləri müxtəlif beynəlxalq platformalarda nümayiş olunub. O, Azərbaycan Fotoqrafları Birliyinin aktiv üzvlərindən biri kimi həm ölkə daxilində, həm də xaricdə milli foto sənətinin təbliğinə mühüm töhfələr verir.
Bu sərgi Azərbaycan fotoqrafiyasının beynəlxalq səviyyədə tanıdılması baxımından növbəti mühüm addımlardan biri hesab olunur.
