-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi paytaxtdakı “Qalereya-1969” sərgi salonunda “Böyük Qayıdışa aparan yollar” adlı foto-sərgi və təqdimat təşkil edib.
Sərgidə nümayiş olunan fotolar arasında Azərbaycan Fotoqrafları Birliyinin üzvü, veteran fotojurnalist Rafiq Bağırovun çəkdiyi kadrlar da yer alıb. Onun foto-lentində işğaldan azad edilmiş ərazilərdə həyata qayıdış, bərpa-quruculuq prosesi və insanların doğma yurdlarına dönüş sevinci sənədli şəkildə əks olunub.
Tədbirdə Rafiq Bağırovun 1990-cı illərdə Ulu Öndər Heydər Əliyevin Cəbrayıldan olan məcburi köçkünlərlə görüşündə çəkdiyi şəkillər içərisində azyaşlı uşaqla – Səma Məmmədova ilə olan fotosu daha çox diqqət çəkib. Tədbirdə çıxış edən Cəbrayıl rayonundan keçmiş məcburi köçkün Səma Məmmədova uşaq olmasına rəğmən o illərin ağrı acısını unutmadığını, Ulu Öndərin daim məcburi köçkünlərə diqqət və qayğı göstərdiyini xüsusi vurğulayıb: “Biz Heydər Əliyevin məcburi köçkünlərə həssas, qayğıkeş münasibətini həmişə hiss etmişik. Bugünkü tədbirdə sərgilənən o şəklimiz, dediklərimin bariz nümunəsidir. Şükürlər olsun, cənab Prezidentimizin rəhbərliyi, ordumuzun qətiyyəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Vətənimizə - Cəbrayılımıza qovuşmuşuq”.
Sərgi-təqdimatda çıxış edən Rafiq Bağırov onun yaradıcılığına göstərilən diqqətə və sərginin təşkilinə görə Dövlət Komitəsinə minnətdarlıq bildirib. Dövlət Komitəsi adından tanınmış fotoqrafa təşəkkürnamə təqdim edilib.
Sərgi ziyarətçiləri üçün xüsusi maraq doğuran məqam ondan ibarət idi ki, nümayiş olunan şəkillərin bir hissəsi ilk dəfə ictimaiyyətə təqdim olunurdu. Tədbir zamanı həmçinin “Böyük Qayıdışa gedən yollar” adlı videoçarx nümayiş etdirilib.
Komitə sədri çıxışında bildirib ki, bu kimi tədbirlər Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində həyata keçirilən proseslərin sənədli xronikasını ictimaiyyətə təqdim etmək və milli həmrəyliyi gücləndirmək məqsədi daşıyır.
Tədbirdə dövlət və ictimai xadimlər, Milli Məclis üzvləri, media və mədəniyyət nümayəndələri iştirak edib. Sonda qonaqlar xatirə şəkli çəkdirib, fotoqraf Rafiq Bağırov göstərilən diqqət və dəstəyə görə təşəkkürünü bildirib.
