-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
Fotomüsabiqənin keçirilməsinin məqsədi
Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Qələbədən sonra Qarabağda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Bu çərçivədə təşkil olunan "Suveren Azərbaycanda Zəfərin 5-ci ili: "BÖYÜK QAYIDIŞ ADDIMLARI" fotomüsabiqəsinin əsas məqsədi Qarabağın müharibədən sonrakı dövründə keçdiyi inkişaf mərhələlərini sənədləşdirmək, bölgənin mədəni, tarixi və təbii irsinin yenidən dirçəlməsini vizual formada nümayiş etdirməkdir.
Fotomüsabiqənin əsas məqsədləri:
🔹 Qarabağın bərpa prosesini əks etdirmək – Müsabiqədə təqdim olunan fotolar vasitəsilə Qarabağın müharibədən sonra necə yenidən qurulduğu, şəhər və kəndlərin necə dirçəldiyi göstəriləcək.
🔹 Mədəni və tarixi irsin önəmini vurğulamaq – Qarabağ Azərbaycanın zəngin tarixi-mədəni irsinin bir parçasıdır. Fotomüsabiqə vasitəsilə məscidlər, türbələr, tarixi abidələr və digər irs nümunələrinin bərpası və qorunması diqqətə çatdırılacaq.
🔹 Qarabağa qayıdışı və insan hekayələrini işıqlandırmaq – İllər sonra öz doğma torpaqlarına qayıdan insanların sevincini, həyatlarının yeni mərhələsini və gündəlik yaşayışlarını əks etdirən fotolar bu müsabiqədə mühüm yer tutacaq.
🔹 Bölgənin təbii gözəlliklərini nümayiş etdirmək – Qarabağ öz füsunkar təbiəti, dağları, çayları və meşələri ilə tanınır. Fotomüsabiqə bu bölgənin təbii möcüzələrini də tanıtmağa töhfə verəcək.
🔹 İctimaiyyətin diqqətini Qarabağa yönəltmək – Bu müsabiqə vasitəsilə yerli və beynəlxalq auditoriya Qarabağın inkişafı və perspektivləri haqqında daha geniş məlumat əldə edəcək.
Müsabiqəyə təqdim olunan fotolar həm tarixi bir yaddaş, həm də gələcək nəsillər üçün vizual sənəd rolunu oynayacaq. Bu təşəbbüs, eyni zamanda, Qarabağ haqqında pozitiv mesajların yayılmasına və onun parlaq gələcəyinin nümayiş olunmasına xidmət edəcək.
Fotomüsabiqədə professional vəhəvəskar fotoqraflar edə bilər. Müsabiqədə iştirak etmək istəyənlər şərtlərə uyğun fotoşəkilləri müəllifin adı, soyadı, ata adı, yaşadığı şəhər və əlaqə nömrəsini qeyd etməklə “Fotomüsabiqə” başlığı ilə musabiqe@idp.gov.az elektron ünvanına göndərməlidirlər.
Müsabiqəyə göndərilən nümunələr təşkilatçıların nümayəndələri və mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və rəylər əsasında qaliblər müəyyən ediləcək.
“Qarabağa qayıdış” mövzusunda fotomüsabiqənin şərtləri
- Müsabiqənin keçirilmə tarixi: 29.04.2025 – 15.06.2025
- Fotolar ağ-qara/rəngli JPEG (JPG) formatında olmalı və uzun tərəfi 1500 piksel təşkil etməlidir.
- Hər iştirakçı maksimum 5 foto təqdim edə bilər və bir iştirakçının təqdim etdiyi fotolardan yalnız 1 foto qalib seçilə bilər.
- Fotonun adında müəllifin adı, soyadı və fotonun adı qeyd olunmalıdır.
- Fotoların üzərinə müəllif imzası və ya loqo yerləşdirmək qadağandır.
- Fotolar üzərində heç bir fotoredaktə proqramı ilə əlavə dəyişiklik edilməməlidir (yalnız rəng balansı, kontrast və s. kimi düzəlişlərə icazə verilir).
- Müsabiqədə qalib gələn fotoların orijinal versiyası müəlliflərdən tələb olunacaq.
- Müsabiqəyə fotoaparat, smartfon, dronla çəkilmiş fotolar təqdim edilə bilər.
- Fotolarda əks olunan şəxslərin razılığının alınması fotoqrafın məsuliyyətindədir.
Müsabiqənin iştirakçıları:
Müsabiqədə vətəndaşlığından asılı olmayaraq professional və həvəskar fotoqraflar iştirak edə bilər (münsüflər heyətinin üzvləri xaric).
Mükafatlandırma:
Müsabiqədə I-III yerlərə layiq görülmüş fotoşəkillərin müəlliflərinə aşağıda göstərilən pul mükafatları və müvafiq dərəcəli diplomlar təqdim olunacaq:
I yer - 1000 AZN
II yer - 500 AZN
III yer - 300 AZN
Sərgidə nümayiş olunacaq 20 ən yaxşı fotonun müəllifi 100 AZN məbləğində mükafata layiq görüləcəklər. Əlavə olaraq münsiflər heyəti tərəfindən seçilən 40 fotodan ibarət fotosərgi təşkil olunacaq.
İştirakçıların hər birinə “İştirakçı sertifikatı” təqdim olunacaq. Müsabiqədə mükafata layiq görülmüş işlər təşkilatçının mülkiyyətinə çevrilir və kommersiya məqsədləri üçün istifadə edilməyəcək.
Qeyd: Müsabiqəyə təqdim olunmuş fotolar sərgidə nümayiş ediləcək.
Əlaqə nömrəsi: 055-500-84-23