Bir neçə gün əvvəl.
Masa arxasında iş görürdüm, yorğun olduğumu hiss edib, biraz ara verməyə qərar verdim və “facebook”-a daxil olub, yeniliklərə göz gəzdirməyə başladım. Həmkarım Nadejda Cavadın çəkdiyi bir foto ilk baxışdan çox diqqətimi çəkdi. Fotodakı yer, rənglər və relyef möhtəşəm idi. Yerin hara olduğu barədə soruşdum və Google maps-da yerləşdiyi linki göndərdi. Yerin adı “Prometheus cave” (Prometey mağarası), ölkənin isə Gürcüstan olmağı məni çox təəccübləndirdi və o an özümə söz verdim ki, əgər Gürcüstana getsəm mütləq oranı ziyarət edəcəyəm.
Təxminən iki saat sonra qrup yoldaşım zəng vurdu. Bir az hal-əhval tutduqdan sonra dedi : “Tbilisiyə şirkərtdən maşın gedir, 2 gün qala bilərik, sonra işə qayıtmalıyam”. Açığı şokda idim. Cem Yılmazın “evrene bin-bin mesajı göndərmək” zarafatı yadıma düşdü, amma işə yaradığına sevindim. İnsan bir şeyi ürəkdən istəyərsə, həqiqətən də olarmış.
Açığı vəziyyət qəribə idi, plansız hərəkətlər, seçimlər yetəri qədər həyəcanlı olur. Ölkəni bu cür tərk etmək isə tamam başqa idi. Tbilisidə gəzərkən anidən düşünürsən ki, dünən evdə masa başında, bu gün isə qədimiliyi və xüsusi detalları ilə seçilən möhtəşəm bir şəhər. Yuxu kimi gəlir adama. Tbilisidə ilk dəfə olurdum. Şəhər çox gözəldir, əyləncəli insanlar, hər yeri maraqla gəzən turistlər, küçə musiqisi və s. Adamı qəti şəkildə darıxmağa qoymur. Vaxt azlığı səbəbi ilə həmin gün Kumistaviyə getməyi planlasaqda, havanın istiliyi, yorğunluq bizə imkan vermədi. Gecəni moteldə keçirdikdən sonra səhər mağaraya yola düşdük. 3 marşrut dəyişdik və təxminən 5 saata yaxın yol getdik. Yol xərci adam başına 20 lari (14 azn), mağaraya giriş isə 7 lari (5azn)-dir.
Və budur artıq mağaranin həyətindəyik. Ətraf təmiz və turistlərlə boldur. Mağara Tskaltubo qəsəbəsində yerləşır. 1984-cü ildə aşkar edilib, Gürcüstanın ən böyük mağarasıdır. Digər adı Kumistavi mağarasıdır. Turistlər üçün sadəcə bir tuneli açıqdır, daxili gəzinti təxminən 30 dəqiqə çəkir. Mağaranın uzunluğu təxminən 1600 metrə, daxili temperatur isə 14 dərəcəyə yaxındır. Bura gələn izləyiciləri yeraltı çay, göl, daşlaşmış şəlalələr, stalakmit və stalaktitlər, eləcədə onlara xüsusi ahəng verən müxtəlif rəngli led işıqların çalarları valeh etməyə bilməz. Mağara daxilində səsənən Vivaldinin “4 Season” əsəri bu gözəlliyi ikiqat dəyərli edir. Vivaldiyə qulaq asaraq işləmək, yaratmaq sözlə ifadə olunacaq bir şey deyil. Bunu yalnız hiss etmək lazımdır. Sizlərə bu möhtəşəm mağaradan çəkdiyim fotoları təqdim edirəm. Həmkarımın fotosunun məndə oyatdığı hisslərin sizdə də yaranacağına ümidvaram və əminəm ki, Gürcüstana getsəniz mütləq bu mağaranı ziyarət edəcəksiniz.
lkin Səlifov