Mən, Əliyev Emil Şahin oğlu, 12 aprel 1990 -cı ildə Neftçala şəhərində anadan olmuşam . 1996 – 2007 -ci illərdə indiki S.İmanov adına Neftçala şəhər 1 saylı tam orta məktəbdə orta təhsil, 2007 – 2009 – cu illərdə isə indiki Lənkəran Tibb Kollecində orta ixtisas tibb təhsili almışam. Hal – hazırda Neftçala rayon Gigiyena və Epidemiologiya Mərkəzində epidemioloji şöbədə çalışıram. Eyni zamanda Sumqayıt Dövlət Universitetinin Tarix və Coğrafiya fakültəsində qiyabi ali təhsil alıram.
Uşaq yaşlarımdan incəsənətə meylli olmuşam. Bu ,özünü rəsm sahəsində daha çox büruzə verirdi. Orta məktəbdə çəkdiyim rəsmlər o vaxtkı “Günəş” jurnalında və “Tumurcuq” qəzetində dəfələrlə nəşr olunmuşdur. Eyni zamanda foto çəkməyə də maraq göstərirdim. Valideynlərimin mənə hədiyyə etdiyi “Wizen” markalı fotoaparatla ilk kadrlarımı çəkməyə başladım. Zamanla fotoya olan marağım rəsmi üstələdi və fotoqrafiya ilə daha ciddi məşğul oldum. Buna həm internetdə olan xarici fotokurs videoları, həm fotoqrafiyaya aid xaricidilli kitablar, həm də öyrəndiklərimi mütəmadi olaraq praktikada tətbiq etmək aiddir. Keçən il Rafael Qəmbərov və Amin Novruzovun “Foto Kompozisiya” adlı kitabına rast gələndə, öz dilimizdə fotoqrafiyaya aid belə bir dərsliyin yazılması məni çox sevindirdi. Düşünürəm ki, fotoqrafiya ilə maraqlanan hər kəs bu dərsliyə müraciət etməlidir.
2021 – ci ildən Azərbaycan Fotoqrafları Birliyinin üzvüyəm. Daha çox peyzaj və portret janrlarında fotolar çəkirəm. Təbiətin gözəlliyini və insanların üzündəki emosiyaları işıqlandırmağı sevirəm. Özümü müxtəlif fotomüsabiqələrdə də sınayıram. Karantin dövründə Biləsuvar Regional Mədəniyyət İdarəsinin təşkil etdiyi ” Rayonumuzun görməli yerləri ” və AFB -nin təşkil etdiyi “Evdə qal, foto çək ” fotomüsabiqələrində 3-cü yerə layiq görülmüşəm. Hədəflərimdən biri də bəyəndiyim fotolarımdan ibarət fərdi fotosərgimi keçirməkdir. Fotoqrafiya həyatımın ayrılmaz bir hissəsidir və elə hesab edirəm ki, gələcəkdə hansı peşə üzrə çalışdığmdan asılı olmayaraq, fotoarxivim daim yenilənəcək.