Fevralın 16-da Səttar Bəhlulzadənin ev-muzeyində muzeyə hədiyyə olunan yeni eksponatların təqdimatı keçirilmişdir.
Muzeyin direktoru P.Abdinova qonaqları salamlayaraq, bu il Azərbaycanın Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illik yubileyinin olduğunu bildirmiş, bu günkü təqdimatın il ərzində keçiriləcək tədbirlər silsiləsindən biri olduğunu qeyd etmişdir. P.Abdinova muzeyə hədiyyə edilən eskponatların muzeyin fondunun zənginləşdirilməsində çox mühüm olduğunu vurğulamış, hədiyyələrə görə dərin təşəkkürünü bildirmişdir.
AR Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimova böyük rəssamın yubileyi ilində keçirilən bu günkü təqdimatı uğurlu addım kimi qiymətləndirmiş, xalqımızın tarixi və mədəni irsinin qorunmasında muzeylərin rolundan danışmışdır.
Xalq rəssamı Hüseyn Haqverdiyev muzeyə bağışladığı yeni əsərini – S.Bəhlulzadənin gipsdən düzəltdiyi heykəlini təqdim etmiş, çıxışı zamanı heykəlin yaranma ideyası haqqında məlumat vermiş, S.Bəhlulzadə haqqında xatirələrini bölüşmüşdür.
Daha sonra H.Haqverdiyevin ev-muzeyinə bağışladığı, S.Bəhlulzadənin rəsmlərinin təsvir olunduğu slaydların prezentasiyası olmuşdur.
“Xətai sənət mərkəzi”nin direktoru Zahid Əvəzov muzeyə bağışladığı “S.Bəhlulzadənin portreti”ni təqdim etmiş, əsərin müəllifi, Beynəlxalq Sulu boya Cəmiyyətinin sədri (IWS Globe) rəssam Atanur Doğan haqqında məlumat vermiş, əsərin yaranma tarixçəsi barədə məlumat vermişdir.
Azərbaycan Fotoqrafları Birliyinin (AFB) təsisçisi, tanınmış fotoqraf Mirnaib Həsənoğlu və idarə heyətinin sədr səlahiyyətlərini yerinə yetirən Amira Süleyman S.Bəhlulzadəyə aid fotoqraf Kamal Babayevin yaradıcılıqından olan 45 il bundan qabaq cap olunmuş Azərbaycan rəssamlarının qrup portretini və S.Bəhlulzadənin yaradıcılıqından bəhs edən 3 ədəd slaydı muzeyə bağışladılar.. M.Həsənoğlu çıxışında fotoarxiv materiallarının tarixi önəmindən danışmış, onların qorunmasının vacibliyini vurğulamışdır.
Daha sonra S.Bəhlulzadənin Tretyakov Qalereyası (Moskva ş.) və Şərq Muzeyində (Moskva ş.) qorunan əsərlərindən ibarət videoçarx nümayiş edilmişdir. P.Abdinova rəssamın mənzərə və natürmortların keyfiyyətli elektron nüsxələrinin əldə edilməsi prosesindən danışmış, bu materialların rəssamın yaradıcılığının tədqiqi işində önəmindən bəhs etmişdir.
Sonda S.Bəhlulzadənin ev-muzeyinin kolleksiyasından S.Bəhlulzadənin qrafik əsərlərindən və rəssamın şəxsi kolleksiyalarda qorunan Qarabağ mövzusuna aid etüd və əsərlərindən ibarət sərgiyə baxış keçirilmişdir. Sərgidə “Şuşa şəhəri. Murovdağ”, “Cıdır düzü”, “Şuşa. Turşsu”, “Xankəndi” və d. etüdlər sərgilənmişdir.