İyunun 12-də Bakı şəhər halqasında Formula 1 üzrə dünya çempionatının səkkizinci – Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib.
İki saata yaxın davam edən yürüşdə bütün rəqiblərini geridə qoyan “Red Bull Racing” komandasının niderlandlı pilotu Maks Ferstappen (1:34:05.941) Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub. Onun komanda yoldaşı meksikalı Serxio Peres yarışı (+20.823s) ikinci sırada başa vurub. “Mersedes” komandasının britaniyalı pilotları Corc Rassel (+45.995s) üçüncü, Luis Hamilton (+71.679s) dördüncü olublar.
Formula 1 Azərbaycan Qran-Prisi başa çatdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Qran-Prinin qalibi “Red Bull Racing” komandasının və niderlandlı pilot Maks Ferstappenin şərəfinə Niderlandın və Avstriyanın Dövlət himnləri səsləndirilib.
Formula 1 Azərbaycan Qran-Prisinin kubokları Şuşanın 270-ci ildönümünə həsr olunub.
Dünya çempionatının Azərbaycan mərhələsində hər il müxtəlif pilotlar qalib gəlib. Builki Qran-Pridə də Maks Ferstappen Bakıda ilk qələbəsini qazanıb. Azərbaycan Qran-Prisinin nəticəsinin gözlənilməzliyi onu daha da möhtəşəm edir. Formula 1 mütəxəssisləri buna “Bakı sindromu” adı veriblər.