Portuqaliyanın Azərbaycandakı Nümayəndəliyi tərəfindən təşkil edilən “Hello Portugal! – Portuqaliya Azərbaycanlı Səyyahın Gözü ilə” adlı fotosərgi 10-12 mart 2017-ci il tarixlərində “NUR Art House” qalereyasında baş tutacaq. Sərgidə Portuqaliyanın bir çox yerlərinə səyahət etmiş fotoqraf Aydın Sadıxovun qırxa yaxın əsəri nümayiş etdiriləcək.

Fotoqrafın çəkdiyi şəkillər Portuqaliyanın tarixi şəhərlərindən əksəriyyətini əhatə edir. Bu sərgidə siz həm 15-16-cı əsrlərdə yeni torpaqların axtarılması ilə başlanan böyük coğrafi kəşflərə ilkin çıxış nöqtəsi olan, dənizçi-səyyahların yola düşdüyü paytaxt Lissabon, həm 19-cu əsrə aid romantizm üslublu memarlıq sarayları ilə məşhur Sintra, həm əsrarəngiz “Bom Jesus do Monte” (Dağların  Xeyirhahı İsa) ziyarətgahı ilə Braqa, həm Duoro çayı və Port Wine şərabları üçün yetişdirilən üzümlükləri ilə Porto, həm 12-ci əsrdə Xristian Məbəd Cəngavərləri Ordeninin tikdiyi heyranedici monastırı ilə Tomar, həm də eramızın birinci əsrindən qalmış Roma Məbədi və 16-cı əsrdə tikilən, həyatın necə fani olduğunu xatırladan “A Capela dos Ossos” (Sümüklər Kapellası) kapellası ilə  Evora şəhərlərindən unudulmaz görüntüləri izləyə bilərsiniz.

Bu 2017-ci ildə Portuqaliya mədəniyyətini əks etdirən ilk fotosərgidir. Sərginin özəlliyi azərbaycanlı sənətkar Aydın Sadıxovun Bakıda, məhz “NUR Art House” qalereyasında ilk dəfə Portuqaliya haqqında təəssüratlarını tamaşaçılara təqdim etməsidir. Əsərlər Aydın Sadıxovun nəyə görə məhz bu ölkəni hədəf olaraq seçdiyini, orda keçirdiyi vaxt ərzində nələr hiss etdiyini və Azərbaycanla  Portuqaliya arasında tolerantlıq, qonaqpərvərlik və insanların istiqanlılığı kimi oxşarlıqların kəşf etdiyini anbaan əks etdirir.

Keçən il Portuqaliya Nümayəndəliyi yerli tərəfdaşlarla birgə Bakıda bir neçə uğurlu mədəniyyət tədbirlərini həyata keçirib. Belə ki, aprel ayında üç Portuqaliya rəssamının əsərləri Müasir İncəsənət Muzeyində “I wanna be adored” adlı sərgidə nümayiş etdirildi; sentyabr ayında Portuqaliyanın “Fad’Nu” musiqi qrupu Landmarkda üç günlük konsert proqramı ilə çıxış etdi və dekabr ayında “Daniel Pereira Trio’ qrupunun yerli musiqiçilərlə birgə Beynəlxalq Muğam Mərkəzində konserti baş tutdu.

Azərbaycan mədəni irsini təbliğ və təşviq etməyi, keçmişdən gələcəyə körpü ataraq böyüməkdə olan nəsillər arasında bu istiqamətdə maarifçilik fəaliyyəti həyata keçirməyi qarşısında məqsəd qoyan “NUR Art House” qalereyası yarandığı gündən ənənəsinə sadiq qalıb. Qalereya öz missiyası çərçivəsində Azərbaycanda ilk dəfə proqram-sərgilər təşkil etməklə, ölkəmizdə qalereya fəaliyyətinə yeni nəfəs gətirmiş və “Hello Portugal! – Portuqaliya Azərbaycanlı Səyyahın Gözü ilə” adlı fotosərgidə də sənətsevərlərə Azərbaycan-Portuqaliya mədəni əlaqələri, fotoqrafiya sənəti haqqında ustad dərsi keçirməyi planlaşdırır.

 

 

Leave a Reply